“Real” televiziyasında Qarabağ müharibəsini əks etdirən kadrlar yayımlanıb.
“Mir Şahinin vaxtı”nda Qarabağ müharibəsi ilə bağlı 1992-1993-cü illərə aid heç yerdə yayımlanmayan nadir videokadrlar göstərilib. Videogörüntüləri jurnalist Mir Şahinin qonağı, hərbi operator İlham Ələkbərov təqdim edib. Söhbət əsnasında kadrların Buzovna qəsəbəsində – məcburi köçkünlərin məskunlaşdığı yataqxanada, Ağdərə və Kəlbəcər rayonlarında çəkildiyi məlum olub.
Kadrlarda mərmi düşməsi nəticəsində yaralanan əsgərlər, qana bulaşmış silahları yığan operator, əl-ayağını yara basmış şəxsi heyət, təcrübəsizlikdən şikayətlənən zabitlər əks olunub.
Mir Şahin Ağayev mövzuya girişi bu sözlərlə başlayıb: “Keçmişin bərpası, qəhrəmanların dırnağa salınması. Ən yaxın tarixin təqdimatına başlayırıq. Tariximizin qızıl fondu Real Təhlil və İnformasiya Mərkəzində. Özünü gələcək kimi göstərənlərin əslində keçmiş olduqlarını gözlərinizlə görəcəksiniz”.