680 şəhid hərbi qulluqçumuz təltif olunub

0
180

Noyabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş 680 hərbi qulluqçu ölümündən sonra orden və medallarla təltif edilib.

Hərbi qulluqçulardan 35 nəfəri “Azərbaycan Bayrağı”, 28 nəfəri 3-cü dərəcəli “Rəşadət”, 470 nəfəri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb. Bundan başqa, 83 nəfər “Vətən uğrunda”, 22 nəfər “Cəbrayılın azad olunmasına görə”, 9 nəfər “Xocavəndin azad olunmasına görə”, 24 nəfər “Füzulinin azad olunmasına görə”, 2 nəfər “Zəngilanın azad olunmasına görə”, 3 nəfər “Qubadlının azad olunmasına görə”, 2 nəfər “Şuşanın azad olunmasına görə”, 2 nəfər isə “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.