60 yaşlı Şirvan şəhəri

0
464

Məlumat üçün bildirək ki, Şirvan şəhəri Bakı şəhərindən cənub-qərbə avtomobil yolu ilə 120 km məsafədə, əsasən Şirvan düzündə, Kür çayının şərq sahilində yerləşir. Respublikanın cənub, cənub-qərb və şimal bölgələrinin birləşdirən avtomobil və dəmir yolları, Kür çayı vasitəsilə su yolu Şirvan şəhəri ərazisindən keçir. Şəhər Sabirabad, Salyan və Hacıqabul rayonları ilə həmsərhəddir. Əhalisi 01.01.2021-ci il tarixə 87.9 min nəfər, ərazisi 72,7 km2-dir.
Alman faşizminə qarşı müharibədə cəbhəyə getmiş 8600 nəfər həmyerlimizdən 7304 nəfəri geri qayıtmamışdır. Həmin dövrdə igidliklər göstərən Şirvan vətəndaşları orden və medallarla təltif olunmuş, 1 nəfər şəhər sakini isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qarabağ uğrunda gedən azadlıq savaşında isə şəhər gənclərindən 131 nəfər şəhid olmuşdur ki, onlardan 3 nəfəri ölümdən sora Milli Qəhrəman adına layiq görülmüşdür.

Şəhərin ərazisində olan Girov dağda indi də varlığını qoruyan “Vağan” adlı 933-cü ilə aid mağara var. Burada yaşayan, Allahı dünyanın fövqündə bilən Kufi adlı şəxs sonradan Şamaxının dağlarına üz tutub. Qarlı baba-Həzrət baba beləcə yaranıb.

Şəhərin digər ərazisində olan Muşov dağda isə XVI əsrə aid edilən duluz-yeraltı evlərin qalıqları tapılmışdır. Elmi araşdırmalar tələb edən bu qədim yaşayış yerindəki tapıntılar həm də burada inkişaf etmiş həyat olduğunu sübut edir.

Əsasən köçəri həyat tərzi keçirən insanların bu yurd yeri uzun müddət də Ərəbşahverdi obası adlanıb. Məşhur rus generalı Y.Zubov 1776-cı ildə burada, Kürün sahilində düşərgə salıb. 1886-cı ildə isə buradan keçən Kür çayının üstündə Su Nasos Stansiyası tikilib və ona Y.Zubovun adı verilib. Elə şəhərin uzun müddət “Zubovka” adlanmasına da səbəb bu olub.

1930-cu ildə kənd təsərrüfatı rayonu kimi yaranan Əli Bayramlıya 04 yanvar 1963-cü ildə şəhər statusu verildikdən sonra kəndləri, digər təsərrüfatları Salyan, Sabirabad, Şamaxı rayonlarına verilib. Əli Bayramlı-indiki Şirvan şəhəri sənaye mərkəzi olmaqla az müddətdə böyük inkişaf yolu keçmişdir.

1950-ci illərin əvvəllərindən başlayaraq bu ərazilərdə aparılan kəşfiyyat-qazma işləri 1955-ci il iyulun 18-də Kürovdağ yatağında 2 saylı qazma quyusunun fontan vurması ilə nəticələndi. O vaxt həmin quyunun hasilatı sutka ərzində 40 ton idi. Neft mədəninin kəşf edilməsi ilə şəhərin iqtisadi əhəmiyyəti artmağa başladı və 1963-cü ildə Şirvan respublika tabeli şəhər statusunu aldı. 1956–1968-ci illərdə indiki Şirvan şəhərində Avropada ilk açıq tipli Dövlət Rayon Elektrik Stansiyası tikilib istifadəyə verildi. 1962-ci ildə Kür çayının üzərində ikinci körpü tikildi.

Qeyd edək ki, Şirvan şəhəri 1963-cü ilə kimi Əli Bayramlı rayonu olub, həmin ildən respublika tabeli şəhər statusu alıb, 2008-ci ildən Şirvan adlandırılıb. Şirvan ölkənin 5 iri sənaye şəhərindən biri sayılır.

1963-cü il Bilal Kərimov (Əli-Bayramlı şəhərin birinci katibi)
Vəli Ələkbərov (Əli-Bayramlı Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin sədri)

Əli-Bayramlı Respublika tabelı şəhər statusu alan 1963-ci ildə məsul rəhbər vəzifələrində çalışmış Bilal Kərimov
və Vəli Ələkbərovun şəhərin quruculuğunda böyuk zəhmətləri olmuşdur

Araşdırmaçı jurnalist

Aybəniz