500 illik məğlubiyyət tariximizi dəyişən adam

0
424

500 illik məğlubiyyət tariximizi dəyişən adam

Biz illərdir “torpaqlar nə vaxt azad olunacaq” deyə soruşanda, “artıq o torpaqlara qayıtmayacağıq” ümidsizliyinə qapılanda o, bu günü hazırlamaqla məşğul idi.

Bəzilərimiz müxtəlif ittihamlar irəli sürür, hətta siyasi ambisiyalardan doğan iddialar səsləndirirdi. O isə səssiz halda bu günü yetişdirmək üçün çalışırdı.

Bütün müsahibələrində, beynəlxalq platformalarda çıxışlarında Qarabağdan danışır, xalqa müraciətində “biz o torpaqlara qayıdacağıq” vədini verirdi və buna əməl etdi də, 17 il öncə “Mən hər bir azərbaycanlının prezidenti olacam” vədinə əməl etdiyi kimi…

Hədəfə doğru səssiz, inamla irəliləmək: Prezident İlham Əliyevin fəaliyyətində bu xətt xüsusilə seçilir.

Düşmən işğal etdiyi torpaqlarda möhkəmlənəndə, Dağlıq Qarabağ məsələsini artıq həll edilmiş hesab edəndə Azərbaycan lideri diplomatik və hərbi cəbhədə hədəfə doğru irəliləyirdi.

Azəbaycan lideri nələr etdi?

Ümummilli lider Heydər Əliyevin strategiyasına sadiq qalan Prezident İlham Əliyev müasir dövrün tələblərinə uyğun yeniliklərin tətbiqi ilə dövlətin təməllərini gücləndirdi. Hədəf bütün sferalarda paralel inkişafa nail olmaq idi.

İqtisadi inkişaf: 17 ildə Azərbaycan iqtisadiyyatı inqilabi irəliləyişə nail oldu. Neft sektorundan əldə olunan gəlirlər qeyri-neft sektoruna yönləndirildi. Ölkə iqtisadiyyatının neftdən asılılığı azaldıldı. 2020-ci ildə dünyanın neft bazasında çətinliklər yarananda Azərbaycan iqtisadiyyatı digər neft ölkələri ilə müqayisədə daha az problemlə üzləşdi, əksinə proqnozlaşdırılan qədər olmasa da, inkişaf xətti qırılmadı.

Bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır”.

Prezident İlham Əliyev bunu prioritet istiqamət olaraq elan edib və zaman göstərdi ki, siyasi müstəqilliyin təməlində iqtisadi müstəqillik dayanır.

Sosial inkişaf: ölkənin gəlirləri vətəndaşların sosial rifahının güclənməsinə, insan kapitalının formalaşdırılmasına yönəldi. Ölkədə yoxsulluğun səviyyəsi minimuma – 5 faizə qədər endirildi. Son iki ildə sosial təminat ümumilikdə 80 faizə qədər artırıldı. Bu, Azərbaycanın nümunəvi sosial dövlət modelinin yaradılması ilə nəticələndi. Koronavirus pandemiyası bütün dünyada, hətta inkişaf etmiş böyük ölkələrdə belə sosial-iqtisadi kataklizm yaratdığı halda, Azərbaycanda dövlət vətəndaşının yanında oldu, heç bir vətəndaş sosial təminatsız, işsiz qalmadı. Bu, Prezident İlham Əliyevin iqtisadi strategiyasına əsaslanan sosial siyasətinin nəticəsidir.

Beynəlxalq layihələr: Prezident İlham Əliyev Azərbaycanı qlobal və regional layihələrin mərkəzinə çevirdi.

Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində Azərbaycan açar ölkəyə oldu;

Bakı-Tbilisi-Qars dəmiryolu xətti (BTQ) ilə Azərbaycan Asiya və Avropanın nəqliyyat şəbəkəsini birləşdirən, ümumilikdə Avrasiyanın nəqliyyat xəritəsində önəmli rol oynayan ölkəyə çevrildi;

“Şimal-Cənub”, Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları layihələrində də Azərbaycan əhəmiyyətli ölkədir;

Strateji addımlar nəticəsində Azərbaycan Çindən Avropaya uzanan beynəlxalq nəqliyyat şəbəkəsinin əsas iştirakçısı, o cümlədən, enerji xəritəsində həlledici oyunçuya çevrilib.

Azərbaycan lideri bu addımlarla həm də işğalçı Ermənistanı bütün layihələrdən kənarda saxlayır, tədricən tükənməsini həyata keçirirdi.

Buna paralel olaraq, regional və beynəlxalq siyasi platformalarda Azərbaycanın aparıcı və təşəbbüskarı olan strateji əməkdaşlıqlara müəllif etdi.

İkitərəfli əməkdaşlıq:

Azərbaycan-Türkiyə;
Azərbaycan-Rusiya;
Azərbaycan-İran;
Azərbaycan-Gürcüstan;

Region ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Azərbaycan Uzaq Şərqdə Çin, Uzaq Qərbdə ABŞ daxil olmaqla bütün ölkələrlə də qarşılıqlı etibara əsaslanan əlaqələr qurdu. O cümlədən, Avropa İttifaqı və ittifaq ölkələri ilə strateji tərəfdaşlıqlar yaradıldı.

Üçtərəfli format:

Azərbaycan-Türkiyə-Gürcüstan;
Azərbaycan-Rusiya-Türkiyə;
Azərbaycan-Rusiya-İran;

Rəsmi Bakının mərkəzində dayandığı bu strateji əməkdaşlıq Prezident İlham Əliyevin milli maraqlarımıza söykənən strategiyasının nəticəsidir.

Milli birlik: 17 il ərzində Azərbaycan liderinin həyata keçirdiyi siyasət ölkədə milli birliyin təməllərini möhkəmləndirdi. Nəticədə xalq-iqtidar birliyi, xalqın liderinə etimadı gücləndi.

Vətən müharibəsinin getdiyi bu günlərdə xalqın Ali Baş Komandanın ətrafında sıx birləşməsi məhz milli siyasətdən doğan inamın təzahürüdür.

Ordu quruculuğu: Ali Baş Komandan bu illər ərzində ordunun qüdrətlənməsi istiqamətində davamlı işlər həyata keçirdi.

– Hərbi arsenal müasir silahlarla təchiz olundu;
– Milli müdafiə sənayesini yaratdı, ordunun ehtiyacı olan bir çox silahın yerli istehsalını həyata keçirdi;
– Hərbçilərimizin yüksək hazırlığı üçün mühüm addımlar atıldı, peşəkar ordu yaradıldı;


I Qarabağ müharibəsində dağılmış ordu dünyanın silahlı qüvvələri arasında 50-ci yerə yüksəldi.

Və Azərbaycan liderinin illərdir səbrlə, əzmlə, Vətən eşqi ilə həyata keçirdiyi bu siyasət bu gün torpaqlarımızda 30 illik işğala son qoyur.

O, bununla həm də Azərbaycanın 500 illik məğlubiyyət tarixini dəyişdirir, yenidən yazır.

500 il öncədən indiyə qədər Azərbaycan tarixi torpaqlarını ardıcıl itirməsi ilə yazılıb.

1501-ci ildən 1736-cı ilə qədər mövcud olan Səfəvilər imperiyası Şah İsmayıl Xətainin ölümündən sonra məğlubiyyət xəttindən çıxa bilmədi.

İmperiyanın dağılmasından sonra Azərbaycanda xanlıqlar dövrü başlandı və ölkə parçalandı.

1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələri Azərbaycan torpaqlarının bölünməsi ilə nəticələndi.

1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti tarixi şəhərimiz olan İrəvanı ermənilərə paytaxt verməklə quruldu və cəmi 23 aydan sonra yenidən işğal altına düşdü.

SSRİ dağılandan sonra Azərbaycan 20 faiz torpaqlarını itirdi.


“İtirə-itirə gəlirik” dediyimiz vaxt milli lider İlham Əliyev 500 illik məğlubiyyət tarixini alt-üst etdi və 30 il öncə işğal olunan torpaqlarımızın azad edilməsi üçün Vətən müharibəsinə başladı.

36 gün öncə bunu təsəvvür belə etmirdik. Vətən müharibəsinin getdiyi 36 gün ərzində işğal olunmuş ərazilərimizin bir qismi azad edilib: Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı daxil olmaqla 200-ə yaxın yaşayış məntəqəsi azad edilib. İşğalçı Ermənistana tarixi boyu görmədiyi ağır zərbələr endirilib.

Ali Baş Komandanın da bəyan etdiyi kimi, Azərbaycan Ordusu ərazi bütövlüyümüz tam bərpa olunana qədər düşməni torpaqlarımızdan qovacaq.

500 il sonra məhz o, torpaqlarımızla birlikdə işğal olunan qürurumuzu da özümüzə qaytarır.

Ali Baş Komandan İlham Əliyev: O, Azərbaycanın 500 illik məğlubiyyət tarixini dəyişdirən adamdır…