Məşhur aktyorların rol aldığı “5 Betər” filminin qala gecəsi keçirilib.
Heydər Əliyev Sarayında baş tutan gecəyə sənət adamları qatılıblar.
Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Elcan Rəsulov, Məcid Hüseynov və Dilarə Əliyeva pandemiya ilə əlaqədar yaranan uzun fasilədən sonra bu film üçün bir araya gəliblər.
Gecənin aparıcılığı Vüsalə Əlizadəyə həvalə edilib. O bildirib ki, uzun fasilədən sonra filmlə bağlı ilk tədbir keçirilib: “Böyük zəfərimizdən sonra ilk belə böyük maştablı qala gecə keçirilir. Allah qismət etsin serial, film sahəsində də böyük zəfərlərə imza ataq. İki ilə yaxındır ki, həsrət çəkdik: zallarda, teatrlarda, kinoteatrlarda bir araya gələ bilmədik. Bu film indiyə kimi izlədiklərinizin ən beş betəri olacaq”.
Filmdə rol alan Əməkdar artist Dilarə Əliyeva çıxışında “Ümid edirik, film xoşunuza gələr, üzünüz gülər. Bütün komandaya təşəkkür edirəm” sözlərini söyləyib.
Aktyor Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Elcan Rəsulov da çıxışında filmi ərsəyə gətirənlərə təşəkkürünü bildirib və çəkiliş təəssüratlarını bölüşüb.
İmkanlı şəxsin toyunda baş verənlərdən bəhs edən “5 Betər” filmi dekabrın 2-dən etibarən bütün kinoteatrlarda yayımlanacaq.
“5 Betər” filminin baş prodüseri İslam Ağayev, ssenari müəllifi Fariz Əliyev, quruluşçu rejissoru isə Vüsal Hacıqədirdir.