Bakıda vətəndaşları işə düzəltmək adı ilə aldararaq dələduzluq etməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəçəsibdə dələduzluqda ittiham edilən Məcid Məcidov, Elvin Məhərrəmov və Ceyhun Qələbəyovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda göstərilir ki, Elvin Məhərrəmov özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən sui-istifadə edib.
O, Məcid Məcidov və Ceyhun Qələbəyovla əlbir olaraq ayrı-ayrı şəxslərdən pul alaraq onları işə düzəldəcəyini vəd edib. Bunun qarşılığında həmin şəxslərdən pul alıb.
Belə ki, təqsirləndirilən şəxslər sosial şəbəkələrdə iş elanları verərək ayrı-ayrı şəxsləri ofisə dəvət ediblər. Onlar həmin şəxsləri işə düzəldəcəklərini vəd ediblər. Bunun qarşılığında isə onlardan ilk maaşlarının 50 faizi qədər ödənişlər alıblar.
İttihamda göstərilir ki, onlar zərərçəkmiş şəxslərə mühafizəçi, xadimə, operator və digər vəzifələrdə çalışacaqlar ilə bağlı vədlər verilib.
Məhkəmə iclasında zərərçəkmişlər ifadə veriblər. Məlum olub ki, sürücü kimi işə düzəlmək istəyənlər Elvin Məhərrəmova 400 manat veriblər. Qarşılığında isə 800 manat maaş alacaqlarmış.
Ayrı-ayrı şəxslər sürücü düzəlmək üçün 500, xadimə kimi işə düzəlmək üçün 300, aşbaz kimi işə düzəlmək üçün 400 manat pul veriblər.
Zərərçəkmişlərdən biri Adil Abdullayevdir. O deyib ki, həm oğlu, həm də özü sürücü kimi işə düzəlmək istəyib. Buna görə də Elvin Məhərrəmova müraciət edib. 400 manat pul verib və onunla müqavilə imzalayıblar.
“Pulu verdim, işlə bağlı təlimatlar verdi, dedi ki, doqquzda iş başlayır, altında bitir. Səliqəli geyinməyi, işə vaxtında gəlməyini istədi. Bildirdi ki, artıq işləsən, əlavə maaş da olacaq. Mən iş üçün bunların “Babək” prospektindəki ofislərinə getdim. Gördüm ki, ofisin qarşısında xeyli adam var. Onlar da mənim kimi aldadılmışdı. Bizi oradan polis bölməsinə aparıb izahat aldılar. Məni ən çox yandıran budur ki, real işi itirdim. Dostum mənə iş tapmışdı. Mən də bunlara inanıb həmin işdən imtina etdim. O iş də getdi, bu iş də”- deyə zərərçəkmiş bildirib.
Məhkəmə araşdırması yanvarın 31-də davam etdiriləcək.
Məhkəmədə məlum olub ki, iş üzrə zərərçəkənlərin sayı 314 nəfərdir. Ümumi dəymiş zərər 100 min manatdan çoxdur.
İttihama görə, ötən ilin martın əvvəllərində bir qrup şəxs paytaxtda fəaliyyət göstərən “ELİV” işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi barədə polis orqanlarına ərizələr verib, adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, dəymiş ziyanın ödətdirilməsinə kömək göstərilməsini xahiş edib. Həmin müraciətlər əsasında vətəndaşların aldadılaraq pullarının dələduzluq yoluyla ələ keçirilməsi faktı üzrə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının tədbirləri nəticəsində qeyd olunan cinayətin Bakı şəhər sakini Məcid Məcidovunun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədildiyi müəyyən edilib.
O və cinayətkar dəstənin digər üzvləri – paytaxt sakinləri Elvin Məhərrəmov və Ceyhun Qələbəyov polis tərəfindən saxlanılıb və onlara ittiham elan olunub.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.