İki marşrut xətti üzrə avtobuslar yenilənib

0
329

71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə uzun müddətdir yararsız vəziyyətdə olan avtobuslar təmir edilən və nisbətən iritutumlu nəqliyyat vasitələri ilə əvəzlənib.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, hər iki marşrut xətti üzrə istismarda olan avtobusların texniki baxımdan yararsız olması, sərnişin tələbatını ödəməməsi, eləcə də digər çatışmazlıqlar daim sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Ötən dövrdə bununla əlaqədar, vətəndaşlar tərəfindən “141” Çağrı mərkəzinə də çoxsaylı müraciətlər daxil olub. Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi, eyni zamanda, buna mane olan halların qısa vaxtda aradan qaldırılması ilə bağlı hər iki xətt üzrə daşıyıcıya ciddi xəbərdarlıq edilib.

Bildirilib ki, yenilənmə işləri mütləq qaydada davam etdirilməli, sərnişindaşıma fəaliyyətləri Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli Qərarı ilə təsdiq olunmuş tələblərə tam uyğunlaşdırılmalıdır.