220 minlik hərracda qalib gələn “Fəxrəddin-K” MMC tikinti bazarında yeni şərtlər diktə edir – FOTO

0
497

Yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən müsabiqə və hərracların keçirilməsinə start verilib.

Keçirilən hərracda Azərbaycanda 1983-cü ildən fəaliyyət göstərən “Fəxrəddin-K” MMC “Göygöl-I” gil yatağı üzrə istismar hüququnu qazanıb.

“Fəxrəddin-K” MMC kərpic zavodları qrupunun təsis edilmə tarixi 1983-cü ildən Masallı rayonunda fəaliyyətə başlayan Azərbaycan Yerli Sənaye Nazirliyinin nəzdində olan İxtisaslaşdırılmış Quraşdırma Buraxılış və Sazlama İdarəsinin (İQBSİ) yaradılması və Fəxrəddin Əlisa oğlu Baxışov bu idarənin rəisi təyin edilməsilə başlayıb.

İdarənin əsas işi Azərbaycan Yerli Sənaye və Azərtikinti Nazirliyinin tabeçiliyində kərpic zavodlarının kompleks tikintisi və tunel sobalarının quraşdırılmasından ibarət olub.

Şirkətin baş direktoru Fəxrəddin Baxışov hərrac barədə danışıb:

“Bizim respublika üzrə dörd regionda kərpic zavodlarımız fəaliyyət göstərir. Yeganə problemimiz xammal çatışmazlığı idi. Ölkəmizdə ilk dəfə olaraq Göygöl rayonu ərazisində yerləşən “Göygöl-I” gil yatağının istifadəyə verilməsi ilə bağlı hərrac keçiriləcəyi barədə məlumatı gördük. Nəticədə hərraca qatılma şərtlərinə uyğun müraciət etdik.

“Göygöl-I”in ehtiyatının dəqiqləşdirilməsi məqsədilə yataqda dövlət geoloji ekspertiza işləri aparılıb. Yatağın ehtiyatı 2,2 milyon kubmetr, yatağın sahəsi 20 hektar olaraq dəqiqləşdirilib, ilkin start qiyməti isə 220 min manat müəyyən edilib.

Bu gil yatağının aşkarlanması və bizim ondan istismar hüququ qazanmağımız Gəncədəki kərpic zavodumuzun xammalla təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək. Gəncə kərpic zavodumuz yenidən təmir olundu və müasir avadanlıqla təmin olundu. Nəticədə keyfiyyətli kərpic istehsal edəcəyik”.

F.Baxışov belə bir hərracın keçirilməsinə görə İqtisadiyyat Nazirliyinə, Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə təşəkkür edib:

“Hərrac çox şəffaf şəkildə keçirildi. Biz manesiz şəkildə sənədlərimizi təqdim etdik. Bununla da hərracda iştirak hüququ qazandıq və qalib olduq.

Bu onu göstərir ki, ölkəmizdə sahibkarların azad rəqabət mühitində fəaliyyət göstərməsinə hər cür şərait yaradılıb”.

Baş direktor “Göygöl-I” gil yatağının istismarının hansı müddətə bitəcəyinin planlaşdırılmasından da danışıb:

“Qazıntı yatağının istismara cəlb edilməsi müddəti 25 ilə qədər nəzərdə tutulur. Bizim hərracı qazanmağımız o demək deyil ki, artıq 25 il orada monitorinq olmayacaq. Təbii ki, yataq bizim istismar müddətimizdə olan zaman dövlət qurumları tərəfindən davamlı olaraq monitorinq də aparılacaq. Bu çox müsbət haldır. Yatağın istismarı ilə bağlı bütün şərtlərə əməl olunacaq. Eyni zamanda, sözügedən layihənin həmin ərazi üzrə işsizliyin aradan qaldırılması böyük rol oynayacaq.

Şirkət Gürcüstan bazarına da kərpic ixrac edir. Hazırda əsas məqsəd Avropa bazarına çıxmaqdır.

Baş direktor düşünür ki, “Göygöl-I” gil yatağının aşkarlanması onlara  Avropa bazarına çıxmaq üçün yeni imkanlar yaradacaq.

F. Baxışov kərpic istehsalı sahəsində ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, İran kimi xarici ölkələrin təcrübəsini operativ şəkildə öyrənməklə məşğuldur.