Yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən müsabiqə və hərracların keçirilməsinə start verilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, ölkəmizdə ilk dəfə olaraq Göygöl rayonu ərazisində yerləşən “Göygöl-I” gil yatağının istifadəyə verilməsi ilə bağlı hərrac keçirilib.
Hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Göygöl Rayon İcra Hakimiyyəti əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb. “Göygöl-I”in ehtiyatının dəqiqləşdirilməsi məqsədilə yataqda dövlət geoloji ekspertiza işləri aparılıb, yatağın ehtiyatı 2,2 milyon kubmetr, yatağın sahəsi 20 hektar olaraq dəqiqləşdirilib, ilkin start qiyməti isə 220 min manat müəyyən edilib.
Hərracda iştirak edən “Fəxrəddin-K” MMC “Göygöl-I” gil yatağı üzrə istismar hüququnu qazanıb.
Yaxın zamanlarda növbəti hərracların keçirilməsi planlaşdırılır. Artıq Goranboy rayonu Qarasuçay qum-çınqıl yatağının ərazisində yer təki sahələrinin istifadəyə verilməsi barədə hərracda iştirakla bağlı sənədlərin 3 may 2021-ci il saat 16:00-dək qəbulu edilməsi barədə elan İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin saytlarında yerləşdirilib.
Qeyd edək ki, açıq hərracın 17 may 2021-ci il tarixində İqtisadiyyat Nazirliyinin Əmlak Xidmətinin Auksion Mərkəzində keçirilməsi nəzərdə tutulur.