1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbaycan qüvvələr xüsusi sevinc hissinə qərq olmuşdular. Çünki həmin gün görkəmli siyasi və dövlət xadimi, SSRİ-nin ən qüdrətli liderlərindən biri kimi tanınan Heydər Əliyev Mixail Qorbaçovun yürütdüyü yanlış xəttə, onun anti-Azərbaycan və anti-müsəlman siyasətinə etiraz əlaməti olaraq tutduğu bütün vəzifələrdən istefa vermişdi. Məlum olduğu kimi, Heydər Əliyev 1976-cı ilin mart ayında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büronun üzvü seçilmiş, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, həmin yüksək vəzifədə çalışdığı dövrdə 60-dan çox ümumittifaq nazirliyinin, komitə və digər mərkəzi idarələrin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmiş və bu sahələrin işinə əsl dinamizm gətirmişdi.
Bu fikirlər Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı statusda yer alıb.
Statusda deyilir: Heydər Əliyevin istefaya göndərilməsinin əsas səbəblərindən biri də SSRİ-nin siyasi rəhbərliyini o zaman ələ almış erməni lobbisinin təsiri və təzyiqi idi. Elə onun SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər Mixail Qorbaçovun xeyir-duası ilə Qarabağ avantürasına start vermiş, qısa müddət sonra – 1987-ci il noyabrın 18-də Qorbaçovun müşavirlərindən biri olan akademik Abel Aqanbekyan Fransanın “Humanite” qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırmışdı.
Azərbaycanın ərazi bütövlüyünün pozulması, ermənilərin respublikamızın ərazisinin bir hissəsini işğal etməsi planı xeyli əvvəllərdən hazırlanmışdı. Həm də bu plan təkcə Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə oturan ermənilər və ermənipərəst qruplar tərəfindən deyil, bütün dünyadakı anti-Azərbaycan və anti-türk dairələr tərəfindən müdafiə edilirdi, onu həyata keçirmək üçün ciddi hazırlıq işləri görülürdü. Heydər Əliyevin Kremldə, SSRİ-nin əsas rəhbərlərindən biri olması qarşıda dayanan ən əsas maneə idi. Odur ki, Qorbaçov ermənilərin təhriki ilə, ilk növbədə, Heydər Əliyevin Kremldən uzaqlaşdırılmasına çalışırdı və iki il müddətində bu istiqamətdə açıq-aşkar formada xüsusi canfəşanlıq göstərirdi. Təsadüfi deyil ki, Qorbaçov Heydər Əliyevə istefaya getməsini təklif edəndə, Ulu Öndər bu təklifə görə heç təəccüblənmədiyini bildirmiş, böyük mətanət hissi və soyuqqanlılıqla illərdir rəhbər şəxslərdən biri olduğu SSRİ rəhbərliyindən ayrılmışdı. SSRİ kimi böyük bir ölkədə vicdanla çalışan, işində heç vaxt ciddi qüsuru olmayan, bütün dünyada böyük siyasətçi və bacarıqlı təşkilatçı kimi tanınan, əhali arasında böyük siyasi nüfuza malik olan belə bir görkəmli siyasi və dövlət xadiminin istefaya göndərilməsi haqda məlumatlar ildırım sürəti ilə bütün dünyaya yayılmış və böyük təəssüf doğurmuşdu.
SSRİ-yə rəhbərliyi dövründə Heydər Əliyev təkcə istedadlı idarəçiliyi və uzaqgörən siyasəti ilə bütün sovet vətəndaşlarının rəğbətini qazanmamışdı, o, həm də uzun müddət Kremldə bütün türk-müsəlman xalqlarının himayədarı, onlara qarşı mərkəzi hakimiyyət dəhlizlərində hazırlanan əksər məkrli planların qarşısına keçilməz sədd çəkən qətiyyətli və vətənpərvər bir insan kimi sevilirdi. Azərbaycana qarşı hazırlanan və həyata keçirilməsi üçün məqam gözlənilən bütün məkrli planların reallaşmasına da məhz Heydər Əliyev mane olurdu. Əlbəttə ki, onun belə qətiyyətli siyasi mövqeyi SSRİ rəhbərliyində təmsil olunan anti-Azərbaycan qüvvələrdə ciddi narahatlıq doğururdu. Qeyd etməliyəm ki, o dövrdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, siyasi rəhbərlikdə böyük nüfuz sahibi olan Heydər Əliyevin tez-tez dəyişilən SSRİ rəhbərliyində birinci şəxs olması ideyası da artıq xalq içərisində, yüksək dairələrdə müzakirə olunur və etiraf edilirdi. SSRİ-nin görkəmli siyasi xadimlərindən olan Andrey Qromıko öz oğlu ilə söhbətində qeyd edirdi ki, “Bizim Siyasi Büroda ancaq üç adam nisbətən cavandır: Romanov, Qorbaçov və Əliyev. Axırıncı mənə daha xoş gəlir. Onun vaxtında Azərbaycan, xüsusən respublikanın kənd təsərrüfatı çox sürətlə inkişaf etmişdir. Əliyev gözəl təşkilatçıdır, təmiz və abırlı adamdır. Amma təəssüf ki, onun namizədliyi istisna olunur…”. Oğlunun “Nəyə görə, milliyyətinə görəmi?” – sualına cavabında A.M.Qromıko açıq şəkildə etiraf etmişdi: – “Bu məsələdə – hə. Milliyyətinə görə”.
Beləliklə, 1987-ci il oktyabrın 21-də Heydər Əliyevin istefaya məcbur edilməsi ilə həm onun dinamik sosial-iqtisadi rəhbər fəaliyyətindən bəhrələnən bütün sovet vətəndaşları, həm çoxmillətli SSRİ-nin ədalətli milli-dini siyasətinin əsas qarantlarından biri kimi çıxış etməsindən faydalanan müttəfiq və muxtar respublikaların qeyri-rus əhalisi, həm də, ilk növbədə, canından çox sevdiyi doğma xalqı – Azərbaycan Respublikasının vətəndaşları özlərinin əsl himayədarını itirdilər. Əlbəttə ki, Heydər Əliyevin istefası qeyd etdiyim bütün kateqoriyadan olan insanlar üçün böyük itki oldu. Lakin onun istefasından ən çox ziyan görən, əlbəttə ki, doğma Azərbaycan oldu. İstefadan az keçməmiş xalqımız üçün heç də xoş olmayan məkrli ssenarilər dövriyyəyə buraxıldı və anti-Azərbaycan planlara start verildi. Amma dahi şəxsiyyət və fenomenal siyasətçi kimi Ulu Öndər geri çəkilmədi, ruhdan düşmədi, məğlub olmadı, xalqının ağır günlərində xilas meydanına atılaraq, öz tarixi missiyasını həyata keçirdi. Azərbaycanı bir dövlət olaraq parçalanma və məhvolmadan xilas etdi, müstəqil dövlət yaratdı, vətəndaş həmrəyliyinə və dövlətçilik ətrafında xalqın monolit birliyinə nail oldu.