Qarabağ Universitetinin digərlərindən fərqi bunlar olacaq – AÇIQLAMA

0
87

“Qarabağ universitetinin açılması Azərbaycan tarixi üçün çox mühüm əhəmiyyət kəsb edir. Sevindirici hal odur ki, biz həmin ərazilərdə orta məktəblərdən sonra ali məktəbin açılışını müzakirə edirik, bu haqda planlar qururuq”.

Bu sözləri açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. O bildirib ki, Xankəndidə yerləşəcək Qarabağ Universiteti tarixi Azərbaycan universitetidir və bu daima həmin ərazidə azərbaycanlı kadrların hazırlanması missiyasını yerinə yetirib:

“Təbii ki, indi vəziyyət tamamilə fərqlidir. Hal-hazırda həmin ərazilərdə təhsil sisteminin yaradılması yükü bilavasitə Qarabağ Universitenin üzərinə düşəcək. Ona görə də bu universitetin fəaliyyəti həmin ərazilərdə gələcək təhsil müəssisələrinin əsasını qoyacaq, onların mayakı olacaq”.

Ekspert qeyd edib ki, Qarabağ Universitetində təhsil tamamilə ödənişsiz olacaq:

“Orada ödənişli əsaslarla təhsil həyata keçirilməyəcək. Həmçinin Qarabağ Universitetində tələbələr üçün yataqxana da ödənişsiz olacaq. Ən vacib məsələlər sırasında təbii ki, həmin ali təhsil müəssisəsindəki təhsil mühiti olacaq. Artıq bu, dövlətin srtateji islahatlarının əsas hissəsini təşkil edir. Belə ki, bu gün Qarabağ Universitetinin idarə edilməsi, tədrisin təşkili, qiymətləndirmə, ora seçiləcək kadrlar belə, orada bütün infrastrukturun əsasını təşkil edəcək. Bu universitet Azərbaycanda yerləşən 51 təhsil müəssisəsindən tamamilə fərqlidir”.

Ekspert onu da vurğulayıb ki, Qarabağ Universitetində təhsil verənlərin əmək haqqı digər universitetlərlə müqayisədə bir neçə dəfə artıq olacaq:

“Burada çalışacaq işçilər hal-hazırda mövcud qaydalara görə, ali təhsil müəssisəsində çalışan müəllimlərdən bir neçə dəfə artıq maaş alacaq. Həm müəllim heyəti, həm idarəetmədə iştirak edəcək şəxslər və Bakıdan gedəcək əməkdaşlar üçün bütün yaşayış imkanları yaradılacaq. Həmçinin universitetə yüksək balla qəbul olacaq tələbələrə dövlət tərəfindən müəyyənləşdirilən ənənəvi təqaüdlərlə yanaşı, digər təqaüdlərdə veriləcək”.