Hər anımız ömürdən gedir

0
128

Məncə həyatımızın bir dəqiqəsini də boşkeçirməməliyik. Düşüncələrimiz belə fəaliyyətimizə, əməllərimizə, öyrəncələrə xidmət etməlidir. Boş keçən hər ana heyfsilənməliyik.
Artıq yaşlaşanda peşimançılıq hissi keçirməmək üçün özümüzün və başqalarının həyatında önəmli yer tutan insani vəzifələrin hər birinin yerinə yetməsi üçün əlimizdən gələni əsirgəməməliyik.
İstirahətimiz belə önəmli vəzifə daşımalıdır – canımızı qorumaq, əsəblərimizi sakitləşdirmək, ruhumuzu sevindirmək, düşüncələrimizi aydınlatmaq…
Yüzlərlə insan işsizlikdən şikayək edir.
Onların çoxu bacarıqlarına uyğun iş tapa bilmirlər. Hansı ki, adi yaşadığımız evdə belə işlər heç vaxt qurtarmır – diqqətli, tələbkar, zəhmətkeş olsaq…
İş sahibi olanların bir çoxu işdən uzaqlaşdırılır – tənbəlliyə, məsuliyyətsizliyə, kobud rəftara görə və sairə…
Düşüncələr də çox zaman qeybətə, pisliyə, kefə, əyləncələrə xidmət edir.
Təbii ki, hər anının qədrini bilənlər də az deyil. Alimlərimiz, yazıçılarımız, şairlərimiz, müəllimlərimiz, sadə iş sahibləri, fəhlələrimiz, evdar qadınlarımız belə yüksək vəzifə tutanların bir çoxundan daha səmərəli, daha işgüzar, daha xeyirli vaxt keçirdirlər.
Boş vaxtlarını xeyirxah işlərə sərf edənlər isə hər zaman hamının sevimlisidirlər. Bunun üçün yalnız maddi imkan sahibi olmaq vacib deyil.
Şikəst, qoca insanların qulluğunda duran onlarla insan var. Biz xeyirxah insanlardan daim nümunə götürməliyik. Onların bir günlük işi, bir xoş təbəssümü, doğmalıq qayğısı, bir ömürlük sükutu canlandırır. Qəlblərə sonsuz fərəh bəxş edir.
Sevincli anlar ömürdən getmir. Bir ömür boyu kədərli anlarımızı kölgədə qoyaraq ruhumuzda əbədiləşir. Bunun üçün xeyirxah olmaq yetər…
Qəlblərində gözəl duyğuları yaşadan insanlar həm də hər gününü, hər anını zəhmətsiz başa vurmur. İşsiz insanlar tanıyıram ki, hər gününü insanlara maddi, mənəvi, fiziki, əqli köməklə başa vurur. Gəzintidən, mütaliədən də geri qalmır.
İşləyən adamların çoxu belə bunlara da vaxt çatdırır.
Gəlin nümunə götürək. Ömrümüzün bir anının belə boş, mənasız, lazımsız düşüncələrlə keçməsinə yol verməyək. İşləyək, gəzək, oxuyaq, gözəl düşüncələrimizin əsiri deyil, fəhləsi, qurucusu olaq. Yaşayaq, yaşadaq, yaradaq, yaratdıraq, sevək, sevdirək, sevilək, sevindirək, oxuyaq, oxutduraq, gəzək, gəzdirək, öyrənək, öyrədək…
Həyatın boş keçməməsi üçün daha nələr var…
Canımızın yol vermədiyi halda qəlbimiz var. Hamıya xoşluq arzulayaq. Hər an…
Sənubər