Yetkinlik yaşına çatmayan şəxs ölkəni necə tərk edə bilər?

0
47

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin və Milli Məclis Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsini həll edən məhkəmə qərarı” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq uşağın hansı valideynin yanında saxlanılmasına dair qətnaməni ehtiva etmir.

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin VI hissəsi, 28-ci maddəsinin III hissəsi və 129-cu maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə uşağın valideynlərdən biri ilə saxlanılmasına dair məhkəmə qərarının mövcud olduğu halda, onun həmin valideyn ilə ölkədən getməsi üçün digər valideynin razılığının tələb olunmamasına dair müddəanın əlavə edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi ilə bağlı məsələlərin məhkəmə tərəfindən həlli üçün qısaldılmış prosessual müddətlərin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.