2024-cü ildə hansı məhsullar bahalaşa bilər? – VİDEO

0
211

Siqaret və spirtli içkilərə tətbiq edilən aksiz vergisi artırılacaq.

Bu, Vergi Məcəlləsinə növbəti dəfə ediləcək dəyişiklikdə nəzərdə tutulur.

Həmçinin işçilərinin orta aylıq sayı üçdən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikrosahibkarlar gəlirlərinin beş faizi yox, 20 faizi qədər vergi ödəyəcəklər.

Bəs Vergi Məcəlləsinə ediləcək bu və ya digər dəyişikliklər qiymət artımına səbəb ola bilərmi?

İqtisadçı Əyyub Kərimli bildirib ki, sözügedən dəyişiklik siqaret və içkilərdə qiymət artımına müəyyən təsirləri olacaq:

“Lakin digər ərzaq məhsullarının istehlak səbətinin qiymətinin artmasına elə bir əhəmiyyətli təsiri olmayacaq. Çünki spirtli içkilər və tütün məhsulları istehlak səbətinə daxil deyil”.

Əyyub Kərimli hesab edir ki, vergi dərəcəsinin artırılması mikrosahibkarları qeydiyyatsız işçilərlə əmək müqaviləsi bağlamağa sövq edəcək. Əks halda sahibkarlar daha çox vergi ödəməli olacaqlar. İqtisadçı Rəşad Həsənov isə belə düşünmür:

“Aksiz vergilərinin artması tütün məhsullarının və spirtli içkilərin qiymətinin artması ilə nəticələnəcək. Bu, özünü 0,5 litrlik spirtli içkilərdə 40 qəpik, bir litrliklərdə isə 80 qəpik ətrafında özünü göstərəcək.

Tütün məhsullarında isə bir paket üçün 10-15 qəpik əlavə xərc yaradacaq. Eyni zamanda sahibkarların vergi yükünün 4 dəfə artmasına səbəb olacaq”.

Ekspertin sözlərinə görə, bu da dolayı yolla qiymətlərin artmasına səbəb ola bilər. Amma bununla yanaşı, Məcəlləyə ediləcək dəyişikliklər arasında sahibkarların vergi yükünün azaldılmasına imkan verən müddəalar olduğu da bildirilir. Bunlardan biri regionlarda yerləşdirmə fəaliyyəti göstərən müəssisələrin əmlak vergisinin 75 faiz azaldılmasıdır.

Ətraflı Baku TV-nin süjetində: