Qalib Qarabağ – Ordu-Xalq birliyidir

0
137

Dünən sübh çağında “Koroğlu” metrostansiyası yaxınlığından media təmsilçiləri və azarkeşlər üçün xüsusi ayrılmış avtobuslarla Xankəndiyə yola düşdük. Bizi həyəcanlı bir səfər gözləyirdi: bir neçə saatdan sonra yenicə bərpa olunmuş şəhər stadionunda ilk idman tədbirinə – futbol üzrə Azərbaycan Kuboku yarışlarının 1/8 mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” və MOİK klubları arasında qarşılaşmaya start veriləcəkdi.

İşğaldan azad edilmiş ərazilərdə ilk futbol matçı

Saat 12:00 radələrində şəhərin əsas prospektində yerləşən baş meydanına daxil oluruq. Həmin an Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltdıqdan sonra cıxışında dediyi  sözləri xatırlayıram: “Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında… Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”.  
Çox qəribə hisslər keçirirəm. Analoji təəssüratları ötən il – 30 ildən sonra yenidən müqəddəs torpağımıza ayaq basdığım Şuşada da yaşamışdım. Düzü, bu hissləri sözlərlə ifadə etmək çox çətindir – əziz, ülvi və ən dərin arzularımızın reallaşması ilə həsrətimizə son qoyuldu…
Xankəndidə stadionun inşasına 1955-ci ildə  başlanılmış və 1956-cı ildə istifadəyə verilmişdir. Bu arena ilk dəfə SSRİ-nin qanlı diktatoru İosif Stalinin, bir müddət keçdikdən sonra isə çoxsaylı azərbaycanlıların daha bir qatili Stepan Şaumyanın adlarını daşıyıb. Süni ot örtüklü stadionda tamaşaçı tutumu 15 min nəfərdir.
SSRİ dövründə stadionda yerli “Qarabağ” komandası ev oyunlarını keçirib. Təxminən 30 illik fasilədən sonra – 2023-cü ilin sentyabrında arena Gənclər və İdman Nazirliyinin nəzarətinə qayıdıb.
Oyunun başlanmasına az qalır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəlirlər. Dövlət başçısı arenaya toplaşanları salamladıqdan sonra dedi: “İlk dəfədir işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin, hamımız birlikdə onları salamlayaq. Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var”.

“Ev oyunlarımızı Xankəndidə oynamaq istəyərdik”

Prezidentin çıxışından sonra Dövlət himni səsləndirildi, ardınca isə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.
Saat 14:00-da baş hakim Əli Əliyevin fiti ilə tarixi oyuna start verildi.
Meydançanın süni ot örtüyü olmasından hiss edilirdi ki, bu, “Qarabağ” kimi sürətli və qısa ötürmələrə üstünlük verən komandalara çətinlik yaradır. Oyuna hər iki tərəf qarşılıqlı hücumlarla başladı. MOİK futbolçularının həyəcanlı və təcrübəsiz olmaları əldə etdikləri fürsətləri boşa vermələrindən sezilirdi. Ancaq unutmayaq ki, Ağdam klubunun əsas heyət üzvlərindən bir neçəsi oynamırdı. Bunlara baxmayaraq, ağdamlılar daha çox topa sahib olur, xüsusilə cinahlardan qurulan hücumlara üstünlük verirdilər. Bütün səylərə baxmayaraq ilk hissədə qol olmadı.
Fasilədən sonra təzyiqi artıran “Qarabağ” qol epizodları yaratsa da, bundan yararlana bilmirdi. Son dəqiqələrdə fiziki yorğunluq topsuz oyunda da oyunçuların iş əmsalını aşağı saldı. Nəhayət, gözlənilən qol son dəqiqədə gəldi. Nəriman Axundzadə ağdamlılara qələbə qazandıran qolu vurdu.
Yekunda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” 1/4 finala vəsiqə qazandı.
Matç başa çatdıqdan sonra komandaların baş məşqçiləri təəssüratlarını jurnalistlərlə bölüşdülər. 
MOİK-in baş məşqçisi Qəzənfər Abbasov oyunun tarixi torpaqlarımızda keçirilməsinə görə Ali Baş Komandana, ordumuza minnətdarlığını bildirdi və dedi ki, Allah şəhidlərimizə rəhmət eləsin. Çünki bu gün onların sayəsində Xankəndidəyik.
Oyuna gəlincə, baş məşqçi dedi: “Qarabağ”ın gücü, futbolçuların səviyyəsi bəllidir. Əlimizdən gələni etməyə çalışdıq. Futbolçularıma təşəkkür edirəm, bacardıqlarını etdilər. Qurban Qurbanov gözəl matça görə mənə təbriklərini çatdırdı. Futbolçularımız kimə qarşı oynadığımızı bilirdilər. Gözəl oyun göstərmək niyyətində idik. Ev oyunlarımızı Xankəndidə oynamaq istəyərdik. Bu, mənim üçün də şərəf olar”. 
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun təəssüratları isə belə oldu: “Burada ilk dəfədir ki, mətbuat konfransı keçirilir. Həddindən artıq həyəcanlıyam, neçə illərdir ki, bunu hamı həsrətlə gözləyirdi. İnanmırdıq ki, ilk oyunumuzu Xankəndidə keçirəcəyik. Ali Baş Komandanımız, qəhrəman əsgərlərimiz sayəsində buradayıq. Oyuna gəldikdə isə mübarizə aparmaq çətin idi. Çünki hər kəs Xankəndi, Şuşa haqqında danışırdı, düşünürdü. MOİK də sona qədər mübarizə apardı”.
Qurban Qurbanov Prezident İlham Əliyevin yaxın günlərdə “İmarət” stadionunun inşasına başlanılacağı ilə bağlı müjdəli açıqlamasına da münasibət bildirərək dedi ki, dövlət başçısı həmişə əsl azərbaycanlı kimi davranır və tarixi ərazilərimizə sahib çıxır: “Dövlət başçısı “İmarət” stadionunun yenidən mövcud olmasını istəyir. Ümid edirəm ki, bir gün də orada oyun keçirəcəyik”.

Qələbə bizim tariximizdə əbədi olacaq

1986-cı ildə yerli “Qarabağ” komandasının bombardiri və  heyətində yeganə azərbaycanlı olan Samir Ələkbərov təəssüratlarını bölüşür: “Uzun illərdən sonra Xankəndidə olmağıma görə xoşbəxtəm. Qələbəmiz çox sevindiricidir. Mən qarabağlı deyiləm. Amma buralar üçün çox darıxmışam. Mənim ən böyük arzum idi ki, bu şəhərimiz geri qaytarılsın, burada futbol klubu yaradılsın və rəhbəri mən olum. Əvvəllər belə klub var idi və heyətdə ancaq ermənilər yer alırdı. Yeganə azərbaycanlı mən idim…  Şükürlər olsun ki,  yenidən bu stadiona ayaq basdıq. Bunu bizə yaşadan əsgərlərimizə minnətdaram. Allah şəhidlərimizə rəhmət etsin. Onların ruhu qarşısında baş əyirəm”.
Azərbaycanın sərvəti olan Xankəndidən qayıdırıq və yenə dövlət başçısının bu şəhərin separatçılar və terrorçulardan azad olunmasından sonra dediklərini qürurla xatırlayıram: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Rizvan HİLALOĞLU,
“Azərbaycan”
Bakı-Xankəndi-Bakı