Azərbaycanda dollara tələbat kəskin artdı: Manatı nə gözləyir?

0
143

Valyuta hərraclarında dollara tələbin yenidən artması müşahidə olunur. Son 3 hərracda 241.1 milyon dollar satılıb. Digər tərəfdən, son 3 hərracda hər satış əvvəlkindən daha çox olub”.

Bunu sosial media hesabında millət vəkili Vüqar Bayramov paylaşıb.

O qeyd edib ki, noyabrın 28-də keçirilən hərracda 68.2 milyon dollarlıq tələb yaranmışdırsa, ötən ayın son günündə 77.8, dünən isə 95.1 milyon dollarlıq sifariş olub:

“Dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır. Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Öncədən proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır.

Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.