Kahramanmaraşdakı azərbaycanlı tələbələrin son vəziyyəti AÇIQLANDI

0
77

“Kahramanmaraşdakı zəlzələ bölgəsindən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıq işləri görülür”.

Bu fikirləri açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli bildirib.

O deyib ki, 25-dək tələbə hazırda Universitetin həyətinə toplaşıb. Şəhərdə 50-dən çox tələbənin olduğu haqqında məlumatlar var. Ümumilikdə isə 27 minə yaxın Azərbaycan vətəndaşı Türkiyədə təhsil almaqdadır.

Tələbələrin təxliyəsilə bağlı Azərbaycanın Türkiyədəki Səfirliyilə mütəmadi əlaqələr qurulduğunu vurğulayan Həmran Əmirli ikinci təxliyə prosesində digər Azərbaycan vətəndaşlarının da ölkəmizə göndərilməsinin mümkün olduğunu deyib:

“Əsas diqqətimiz tələbələrdir. Səfirliyimizlə mütəmadi əlaqədəyik. Kahramanmaraşda Konqres Mərkəzi var, daha təhlükəsiz olsun deyə, tələbələrimizi əvvəlcə ora apardıq. Amma ora çox insanlar sığınıb, tək qapısı var, zəlzələ təhlükəsi yaşanan an insanların təşviş içindən tək bir qapıdan çıxması təhlükəli vəziyyət yaradır. Bu səbəbdən tələbələrimizi universitetin həyətinə gətirdik, sabaha qədər tonqal yandırıb, ətrafına toplanacağıq. Çünki hava çox soyuqdur, qarı yağış əvəz edib”.

Kahramanmaraşda əlaqə saxlaya bilmədiyi bir neçə tələbənin olduğunu deyən Həmran Əmirli onlar haqqında məlumat almaq üçün xəstəxanalara müraciətlər edildiyini, amma hələlik xəbər ala bilmədiyini qeyd edib:

“İnternet və telefon əlaqəsi çox məhduddur. Azərbaycanla əlaqə saxlaya bilirik, amma Kahramanmaraşda şəhərdaxili telefon əlaqələrində çətinliklərimiz var. Dağıntılar altında qalan tələbələrin kimliyi haqqında məlumatlarımız şifahi şəkildə yayılıb, amma həyatda olmadıqları haqqında rəsmi məlumat təsdiqini tapmayıb. Bu məlumatları dəqiqləşdirəcəyimiz yer xəstəxanalardır.

Xəstəxanalardakı azərbaycanlı həkimlərimizlə də əlaqələr saxlayırıq ki, onlara hər hansı məlumat daxil olsa, bizə də bildirsinlər. Təəssüf ki, hazırda vəziyyət o qədər qarışıqdır ki, xəstəxanalarda elektron qeydiyyat aparılması mümkün deyil”.

Həmrən Əmirli deyib ki, Kahramanmaraş şəhərinin mərkəzindəki köhnə tikili binalar dağılaraq yerlə bir olub, yeni tikintilərə isə giriş hələlik qadağandır:

“Bizim bina çoxmərtəbəlidir. Əşyalarımı götürmək üçün evə girdim, çıxdıqdan az sonra 7,6 bal gücündə ikinci zəlzələ dalğası yaşandı. Maraşda bir məhəllə var ki, 15 mərtəbəli 15 bina vardı, onlar tamamilə yox olub, yerdə yalnız damları görünür. Kahramanmaraşda Azərbaycan bulvarında da bütün binalar dağılıb”.