“2023-cü ildə kirayə mənzil bazarı yüksək qiymət artımları ilə yadda qaldı və əvvəlki illərlə müqayisədə təxminən 25-30 faiz bahalılıq müşahidə olundu”.
Bu sözləri açıqlamasında əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.
Qiymətlər necə dəyişib?
Onun sözlərinə görə, əgər 2022-ci ildə birotaqlı mənzilləri 250 manata əldə etmək olurdusa, bu il qiymətlər 300-350 manat arasında dəyişib:
“Yaxud, ötən il 300 manata ikiotaqlı mənzil tapmaq olurdusa, cari ildə ən azı qiymətlər 400 manata oldu. Dördotaqlılar isə ötən il 400 manat, bu il isə 500 manata və daha artıq qiymətlərə təklif edildi. Şəhərin mərkəzinə yaxın Nərimanov, Nəsimi, Səbail rayonlarında qiymətlər daha yüksəkdir.
Kənar ərazilərdə isə qiymətlər mərkəzdən təxminən 25-30 faiz ucuzdur. Əgər mərkəzdə birotaqlı mənzilin kirayə qiyməti 400-450 manatdırsa, kənarlarda bu cür mənzillər 300-350 manata təklif olunur. İkiotaqlılar mərkəzdə 500 manat, kənarda isə 400 manatdır. Bu da onu göstərir ki, cari ildə kirayə qiymətləri xeyli baha olub.
Əgər 2022-ci ilə qədər yay aylarında tələbələrin getməsi ilə əlaqədar qiymətlər aşağı düşürdüsə, cari ildə bu da baş vermədi.
Üstəlik, tələbələr sentyabr ayında ya kirayə mənzil tapa bilmirdi, ya da tapdıqları evlər baha olurdu.
Tələbələrin böyük əksəriyyəti isə yay semestr imtahanlarını başa vuraraq ailələrinin yanında qayıtsalar da, qaldıqları evləri boşaltmadılar və kirayə pullarını əvvəlcədən ödədilər. Bu səbəbdən qiymətlər aşağı düşmədi”.