İ.B.Qutqaşınlı adına Xalq teatrının yaranmasının 60 illik yubileyi qeyd olundu

0
1176

Qəbələ rayon Mədəniyyət Mərkəzində 9 dekabr 2022-ci il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İ.B.Qutqaşınlı adına Xalq teatrının yaranmasının 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Rayon ictimaiyyət nümayəndələri, ziyalıların
və teatrsevərlərin iştirak etdiyi yubiley tədbirində əvvəlcə 44 günlük Vətən müharibəsində vətən yolunda canından keçən igid oğullarımızın-şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra teatrın 1960-cı ildən bu ilə qədər keçdiyi yol haqqında iştirakçılara ətraflı məlumat verildi və videoçarx vasitəsilə vaxtı ilə bu teatrda çalışmış və xatirəyə qovuşan teatrın yaradıcılarından Şirin Abdullayevin və digərləri xatırlanıb.

Tədbir zamanı həmçinin, teatrın repertuarından “Rəşid bəy və Səadət xanım”, “Göyçək Fatma”, “Gəl qohum olaq”, “Təzə xadimə”, “ Eşqdir mehrabı uca göylərin”, “Hekayəti- Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni- Məşhur” , “Zəfər” tamaşalarının kiçik səhnələri nümayiş olundu.

Tədbirdə Qəbələ RİH-nin nümayəndəsi Pərviz Agayev, Rayon Gənclər və İdman İdarəsinin rəisi , Qəbələ rayon Qızıl Aypara Cəmiyyətinin sədri Sədaqət Bayramova, Qəbələnin hörmətli ağsaqqal ziyalılarından Fərman Əzizli, qonaqlardan Əhməd Qəndiyev, Almaz Məsimova çıxış edərək Qəbələ rayon Mədəniyyət Mərkəzinin və həmçinin İ.B.Qutqaşınlı adına Xalq teatrının rayonun mədəni həyatındakı rolundan danışaraq teatrın kollektivini təbrik edib, kollektivə yeni-yeni yaradıcılıq uğurları arzuladılar.

Sonda çıxış edən İRMİ-nin Qəbələ rayon üzrə nümayəndəsi Nargilə xanım Qafarovanı və Qəbələ rayon Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev və teatrın qocaman aktyoru Müsavər Qasımov çıxış edərək bu gün teatrın 60 illik yubileyi münasibətilə müxtəlif yerlərdən çoxsayda qonaqları salamlamış və bildirmişlər ki, bu gün üçün seçilmiş pyeslərin peşəkar səviyyədə səhnə təcəssümü tapması üçün kollektivin hər bir üzvü həvəslə, məsuliyyətlə çalışır, repertuarın zənginləşdirilməsi və yeni nailiyyətlərin əldə olunması ilə bağlı görülən yaradıcılıq işləri uğurla davam etdirilir.

Teatr ötən illər ərzində Bakı şəhərində keçirilmiş Respublika Xalq teatr festivallarında “Gəl qohum olaq”, “Qoz əhvalatı”, “Təzə xadimə” tamaşaları ilə çıxış etmişdir.

İ.B.Qutqaşınlı adına Qəbələ rayon Xalq teatrı Respublikanın 18-dən çox rayonunda “Göyçək Fatma” adlı tamaşa ilə qastrol səfərinə çıxmış və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Bu il Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimov Qəbələ rayonunda olmuşdur. Sevindirici haldır ki, cənab nazir teatrın kollektivi ilə də görüşmüş və yubiley münasibəti ilə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanını teatrın kollektivinə təqdim etmişdir.

Yubiley tədbiri tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılandı.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri