Şuşa atəşə tutuldu: Ordumuzun cavabı necə olacaq? – DETALLAR

0
26

“Erməni silahlılarının Şuşa şəhərini atəşə tutması Azərbaycanı bundan sonra daha ciddi və təsirli tədbirlər görməyə vadar edir. Bir neçə gün ardıcıl olaraq Rusiyalı sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən Azərbaycan Ordusunun mövqelərinə atəş açılması, Ermənistan tərəfinin 10 noyabr 2020-ci ildə imzalanan birgə bəyanatın şərtlərini yerinə yetirməkdən imtinası kimi dəyərləndirilməlidir”.

Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Erməni separatçılarının Şuşanı və digər ərazilərimizi atəşə tutmasına münasibət bildirən ekspertin fikrincə, Azərbaycan Ordusunun şəxsi heyətinin həyat və sağlamlığına təhdid yaradan istənilən düşmən mövqeyi darmadağın edilməlidir:

“Eyni zamanda, həmin mövqelərdə Azərbaycan Ordusunun şəxsi heyəti yerləşməlidir. Düşmənin təxribat törətdiyi bütün nöqtələr zərərsizləşdirildikdən sonra orada Azərbaycan Bayrağı qaldırılmalıdır. Zərurət yarandığı təqdirdə, erməni silahlıların tam şəkildə Qarabağdan təmizlənməsi üçün daha genişmiqyaslı fəaliyyətlərin həyata keçirilməsi artıq zərurətə çevrilib.

Nə qədər ki, Rusiya sülhməramlıları Qarabağdadır, erməni yaraqlıları Qarabağda bir o qədər təxribat törətməkdə davam edəcəklər. Başqa sözlə desək, hazırda baş verən proseslərdə günahın bir hissəsi Rusiya sülhməramlı kontingentinin komandanlığının üzərinə düşür. Onlar Qarabağdan erməni silahlılarını çıxarmaq əvəzinə, ermənilərin zəmanətçisi rolunu vəzifə seçiblər. Bu isə Azərbaycan tərəfindən qəbul edilə biləcək hal deyil. Hesab edirəm ki, mümkün olan ən yaxın perspektivdə Azərbaycan qəti addımlar atacaq”.