Azərbaycandan Avropaya təbii qaz ixracının artırılması müzakirə edilib

0
163

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu qəbul edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edərək, fəaliyyəti dövründə Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın gələcək inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib.

Energetika Nazirliyindən verilən məlumata görə, görüş zamanı qarşılıqlı münasibətlərin genişləndirilməsində, o cümlədən enerji sahəsində əlaqələrin inkişafında iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi qeyd olunub. Komissiyanın 5-ci iclası üzrə protokolun icrasının gedişi və növbəti iclasa dair məsələlər müzakirə edilib.
Ölkəmizdə neft-qaz sektorunda strateji tərəfdaş və aparıcı investor kimi xüsusi yeri olan bp şirkəti ilə “yaşıl enerji” sahəsinin inkişafı istiqamətində əməkdaşlığın cari vəziyyəti haqqında danışılıb. Azərbaycandan Avropaya təbii qaz ixracının artırılması, ölkəmizdə quruda və dənizdə bərpa olunan enerji potensialı haqqında məlumat verilib, karbonsuzlaşdırma, külək və günəş enerjisi, “yaşıl hidrogen” və “yaşıl elektrik” ixracı, enerji səmərəliliyi və digər istiqamətlərdə potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.