Azərbaycan millisinin Bakıda keçiriləcək güləş üzrə dünya kuboku yarışı üçün heyəti açıqlanıb

0
143

Noyabrın 5-6-da Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə dünya kuboku yarışı keçiriləcək.
Azərbaycan Güləş Federasiyası xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq yarışda 6 komanda iştirak edəcək. Artıq bütün yığmaların heyəti müəyyənləşib.
Yığmamızın tərkibində baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli, İbrahim Nurullayev (hər ikisi 55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Namaz Rüstəmov (hər ikisi 67 kq), Ülvü Qənizadə, Qurban Qurbanov (hər ikisi 72 kq), Sənan Süleymanov, Elcan Məmmədov (hər ikisi 77 kq), Rafiq Hüseynov, Nəsir Həsənov (hər ikisi 82 kq), Laçın Vəliyev, Murad Əhmədiyev (hər ikisi 87 kq), Arif Niftullayev, Zamir Maqomedov (hər ikisi 97 kq), Sabah Şəriəti və Beka Kandelaki (130 kq) yer alıblar.
Yarışın proqramına gəlincə, noyabrın 5-də gündüz (10:00-12:30) seansında Türkiyə – İran görüşü, bundan sonra isə Azərbaycan – Serbiya qarşılaşması keçiriləcək. Saat 16:00-16:30-da dünya kuboku yarışının təntənəli açılış mərasimi keçiriləcək. Saat 17:00-dan etibarən isə sıra ilə 4 görüş (İran – Qırğızıstan, Serbiya – Dünya yığması, Türkiyə – Qırğızıstan, Azərbaycan – Dünya yığması) baş tutacaq.
Noyabrın 6-da saat 17:00-da üçüncü yer uğrunda görüşə start veriləcək. 18:30-da isə finalın başlaması nəzərdə tutulub.
Xatırladaq ki, A qrupunda Türkiyə, İran və Qırğızıstan, B qrupunda isə Azərbaycan, Serbiya və Dünya yığması yer alıb. Reqlamentə əsasən, qrup qalibləri finala yüksələcək. Qrup ikinciləri isə bürünc medal uğrunda mübarizə aparacaqlar.