Gül-çiçək təmasının yaşantıları

0
100

Ad günü olanlara, xeyir işləri olanlara gül-çiçək bağışlayırıq. Bu dünyadan köçənlərin də məzarına gül-çiçəklə gedirik. Ruhların bu dünyada da, o biri dünyada da sevincinə səbəb olan gül-çiçəklər bu dünyaların ətirli möcüzəsidir.
Uşaqlardan böyüklərə qədər hər bir kəs gül-çiçək təmasından hədsiz, əvəzolunmaz, xoşluq dolu təəssürat alır.
Yaşam dünyamızın bütün sevincli günlərini gül-çiçəksiz təsəvvür etmək mümkün deyil.
Bu İlahi möcüzənin bir çoxlarının gəlir mənbəyi olması ilə heç cürə razılaşmaq olmur. Və bir çoxumuza onları ala bilməməsinə də ağır üzgü ilə təəssüflənməmək olmur.
Dünyanın hər yerində şəhərlərin bağ-bağçalarında gül-çiçəklərlərin əkilməsi onları ala bilməyənlərin həsrətini xeyli aradan qaldırır.
Gül-çiçək təmasının əvəzedilməz sevinci həyatı problemlərimizin həllinə özünəməxsus xoş rahatlıq qatır. Onu da bilməliyik ki, bu ilahi möcüzənin qorunması hər birimizdən diqqət tələb edir.
Bu dünyada çiçək sevməyənin şeytanla bağlılığı da var.
Ən xoş hisslərimizin önəmli səbəbkarlarından biri olan gül-çiçək yağışına sevinməyən insan ola bilməz.
Həyatdakı bütün gözəllikləri gül-çiçək adı ilə dəyərləndirmək gözəl insanların naxışıdır.
“Afərin, gül kimi iş gördün”, “Həyatın gül-çiçəklə dolu olsun”, “Nə olub sənə, gül kimi qızsan”, “Gül-çiçək kimi təravətli olasan həmişə”, “Gül-çiçəksiz bayram olar?…” “Səni çiçək kimi qoruyacam”, “Gülün ətrindən doya bilmirəm”. Bu kimi etiraflar onlarladır və minlərlə insan bu kimi etirafların mənbəyi və səbəbkarı olmaq istəyir.
Çiçəklərin ömrü az olsa da, dəyəri yüzlərcədir. Sevdiyi çiçəkləri qurudub saxlayanlar belə var. Çiçəklərə qarşı bu dərin sevgini əbədi dünyaya aparan ruhlar da qəbirlərə qoyulan gül dəstələrindən böyük həzz alırlar.
Hər iki dünyamızın əvəzsiz gözəlliyi olan güllərimiz heç bir zaman vaxtsız solmasın.

Sənubər