Bir ömür boyu şəhid ağrısı ilə yaşamaq bizi sevincdən məhrum etməsin

0
92

1990-cı ilin 20 yanvar günündən başlayan şəhid ağrısı torpaqlarımızı düşməndən azad edilməsi və bu günə qədər davam edən təxribatların törənməsi ilə davam edir.
Qəhrəman əsgərlərimizin ölümü təkcə onların ailələrini deyil, bütün xalqımızı matəm ağrısı ilə dərdə bürüsə də qürur və fəxr hissinə də böyük yer vermişdir. Bir ömür boyu bitməyəcək bu dərd və qürur şəhidlərimizin ruhuna rahatlıq verəcək. Bu ruhların tamam rahatlığı üçün bizim sevinclərimiz də əskik olmamalıdır. Təəssüf ki, bunu bacarmaq da hər kəsə nəsib olmur.
Minlərlə cavan ata, cavan övlad ağrısı uzun illər və ömür boyu həyatı matəmə çevirir. Səbrin hakimliyi saysız insanlara güc gələ bilmir. Hər kəsə arzuladığımız səbr də dərdlərin qarşısında aciz qalır.
Amma yaşayırıq. Minlərlə dərdli insan milyonlarla insanın qayğısı altında olur. Şəhidlərin fəxrlə anılması da təskinliyin zirvəsində durur. Bir ömür boyu dərd çəkənləri bu təskinlikdən məhrum etməyək. Özümüzü də şəhid ailələrinin duasından…
Şəhidlərin qəhrəmanlıq yolunu işıqlandırmaq da hər birimizin borcudur.
Bu günə qədər onlar haqda yüzlərlə kitab və digər nəşrlər ərsəyə gətirilsə də bununla işimiz tam olmasın.
Onların ailələrinin, övladlarının yaşantıları yüzlərlə kitaba sığmasa da qəlblərə kiçik bir rahatlıq da əvəzedilməzdir.
Bu günlərdə yaralı bir əsgərin xəstəxanada müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıtması qəlblərdə hədsiz qürur hissi yaratdı.
Saysız qürurlarımızla döyüşçülərimizin şəhid olmaması üçün dua edirik. Amma saysız dualarımız, onların hər birinin cənnət qapısında olması ilə rahatlıq tapır.
Buna şükür etmək nə qədər çətin olsa da, Allah da səbrini əskik etmir.
Dünyamızın həyat qapısına üzü bağlı olan kəslərin o biri dünyanın hansı qapısına yol alacaqları bəlli deyil.
Şəhidlərimizin üzünə cənnət qapılarının daim açıq olacağı isə bəlli bir həqiqətdir. Buna şükür etmək də hər birimizin borcudur.

Sənubər.