Jurnalist Aytən Məmmədovaya hücumla bağlı cinayət işi başlanılıb

0
184

Jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir. 

Bu barədə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Bildirilib ki, A.Məmmədova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib. Onun diqqətinə çatdırılıb ki, fakt üzrə bütün zəruri tədbirlər icra olunur. 

Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mircəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.

Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.

Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin “102” Zəng-Mərkəzinə müraciət edilib.