SOCAR karbamidin əsas ixrac bazarlarını açıqlayıb

0
225

SOCAR-ın istehsal etdiyi karbamidin ötən il əsas ixrac olunduğu ölkə Braziliya idi. Bundan başqa, Rusiya, Türkiyə və Rumıniyaya təxminən eyni civarda – 32-35 min ton karbamid ixrac olunub. İtaliya, Bolqarıstan, Albaniya kimi ölkələrə də ixrac həyata keçirilib.

Trend-in məlumatına görə, bunu SOCAR-ın karbamid zavodunun direktoru Xəyal Cəfərov deyib.

X.Cəfərovun sözlərinə görə, qablaşdırılmamış karbamid anbarının gücü təxminən 60 min tondur. “Yəni bizim aylıq istehsal gücümüzə bərabərdir. Karbamidin tərkibində 46 faiz azot var. Yerli karbamidin tətbiqindən sonra müəyyən sahələrdə məhsuldarlıq müvafiq olaraq 2-3-4 dəfə artıb və ekoloji nöqteyi-nəzərdən çox təhlükəsiz bir gübrədir. Karbamidi asanlıqla uzaq məsafələrə ixrac etmək olar”, – direktor bildirib.

Qeyd edək ki, SOCAR-ın karbamid zavodunun təməli 2011-ci ildə qoyulub. Zavodun layihələndirilməsi və tikintisini Cənubi Koreyanın Samsung Engineering şirkəti həyata keçirib. 2019-cu ilin yanvarında istismara verilən karbamid zavodu gündəlik 2000 ton, illik isə 660 000 tona kimi karbamid istehsal etmək iqtidarındadır. Sumqayıtın kimya-sənaye parkında 40 hektara yaxın ərazidə yerləşən zavod ammonyak istehsalı, karbamid istehsalı və köməkçi qurğular sahələrindən ibarətdir.