Qorxu, ölüm və dəhşət: “Ora cəhənnəmdir…”

0
148

“Mariupol indi qorxu, ölüm və dəhşət şəhəridir. Ora cəhənnəmdir. Şəhər sakinlərinin yardıma, təcili köməyə ehtiyacı var”.

Ukraynanın Mariupol şəhərini bu günlərdə tərk etmiş Kristina Colos Facebook profilində belə yazıb.

K.Colosun sözlərinə görə, Mariupola humanitar yardım karvanlarını buraxmırlar. Şəhərin hakimiyyəti Mariupolu tərk edib. Naçar qalan sakinlər aramsız atəş altında karvanlara toplaşaraq maşınların üzərinə “Uşaqlar” yazaraq yola çıxırlar, Mariupoldan qurtulmağa çalışırlar.

“Şəhərdə telefon rabitəsi, su, qaz, təcili yardım yoxdur. Əl-ayaqları qopan insanlar həyətlərdə qan içində qalıblar. Onlara kimsə kömək etmir. Həlak olanları xəndəklərdə basdırırlar. Həmin adamların ailə üzvləri, qohumları onların məzarlarını tapa bilmir.

Şəhər sakinləri çox vaxt su axtarışında, yaxud tonqalda şorba hazırlayanda həlak olurlar”, – K.Colos yazıb.

İnsanlar qarı toplayıb əridir və alınan suda makaron qaynadırlar.

“Ailəm 2 saylı gimnaziyada sığınacaq tapmışdı. Üç gün əvvəl ruslar o binanı vurdular, bir qadın baldırından qəlpə yarası aldı. Gimnaziyanın birinci mərtəbəsində yerdə uzanılı qalmış bu qadın səhərədək zarıdı, ağrılardan qurtulması üçün ona zəhər verilməsini istədi. Onu xəstəxanaya aparmaq üçün kimsə yoxdu. Hər gün, hər gecə şəhər atəşə tutulur. Mərmilər, güllələr yağış kimi yağır. Evlər silkələnir və sən də qorxaraq düşünürsən ki, bu mərmi indi hara düşəcək”, – Kristina bildirib.

K.Colos daha sonra vurğulayıb ki, şəhərdəki dükanlar və apteklər qarət olunub, su və yemək yoxdur. Həlak olanların cəsədlərini kimsə toplamır. İnsanlara deyiblər ki, cəsədi eyvana qoysunlar, sonra da imkan tapanda aparıb basdırsınlar: “Bundan sonra nə olacağını bilmirəm. Amma Mariupolda yaşadıqlarımın Ukraynanın heç bir şəhərində olmasını istəmirəm. Mariupolda xəstəxanada hamilə qadın həlak oldu. Hər dəfə raket, bomba və mərmi atılanda analar balalarını qorumaq üçün titrəyən divarlara sığınırlar. Yaşamaq və xilas şansı qalmamış qocalar tez ölüm arzulayaraq Tanrıya dua edirlər. Yaralı dinc sakinlər küçələrdəki atışmalarda həlak olurlar”.

Onun sözlərinə görə, Mariupolda anası, üç qardaşı, qaynatası və qaynanası qalıb: “Şəhərdə sığınacaq çatışmır, havalandırma sistemi olan bunkerlər yoxdur. Oradan qocaları, qadınları, uşaqları çıxarmaq gərəkdir. Avtobuslar verin, humanitar dəhliz yaradın! Danışın, razılığa gəlin! Düşmən torpağımıza soxulub, bizə seçim imkanı verməyib. Amma insan həyatından dəyərli heç nə yoxdur. Bu müharibə bitməlidir!”