Hər “daşın” altından erməni çıxır – Bakı Qarabağda terror yuvasını uçuracaq

0
115

Bölgədə gərginliyin artmasının birbaşa səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Məhz Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarını pozulması bölgədə gərginliyi artırır və sülh quruculuğu səylərinə xələl gətirir. 

Rəsmi İrəvan yenə beynəlxalq ictimaiyyəti çaş-baş salmaq üçün yenidən “yalançılıq” prinsipinə sadiq qalaraq, özünü sülhsevər dövlət imicində sırımaq niyyətindədir. Amma son proseslərdən belə nəticə çıxır ki, Ermənistan nəyinki bunu bacarır, hətta Qərbdə ciddi suallar yaradan əməlləri ilə özünü rüsvay etməkdə davam edir.

İstər Ermənistan Təhlükəsizlik Şurasının rəsmi Bakının təklif etdiyi 5 maddəlik sülh təklifi paketinə razı olduqları ilə bağlı bəyanatı olsun, istərsə də ötən gün MDB dövlətlərinin parlamentlər arası iclasında erməni spiker Alen Simonyanın Azərbaycanın 5 maddəlik təklifinə “hə” deməsi olsun, boğazdan yuxarı, növbəti manipulyasiya cəhdindən başqa bir şey deyil. Bunun təsdiqi kimi Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ATƏT-in Rusiyadan olan həmsədri ilə görüşündə etdiyi açıqlamaya diqqət yetirmək kifayətdir.

Belə ki, Mirzoyan son günlər baş verən gərginlikdən danışaraq Xovayevə ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanması ilə bağlı erməni tərəfinin mövqeyini təqdim edib. Göründüyü kimi Ermənistan ritorikasından əl çəkmək fikrində deyil. Baxmayaraq ki, Azərbaycan dəfələrlə bəyan edib ki, artıq “Dağlıq Qarabağ” adlı ərazi vahidi mövcud deyil, “status” məsələsi gorbagor olub, amma hər vəchlə İrəvan bu məsələni gündəmə gətirərək sülh danışıqları prosesinə əngəl törətmək niyyətlərini gizlədə bilmir. 

İki ölkə arasında hərtərəfli sülh sazişi üzrə danışıqlara başlamaq məsələsini gündəmə gətirən tərəf kimi özünü göstərməyə çalışan Ermənistana xatırlatmaq yerinə düşər ki, ilk olaraq Azərbaycan tərəfi ən yüksək səviyyədə hələ bir il bundan öncə İrəvana sülh sazişinin imzalanması təklifini irəli sürüb və bir ay öncə Sazişin əsaslanmalı olduğu konkret prinsipləri qarşı tərəfə təqdim edib. Bununla da Azərbaycan nüymayiş etdirib ki, sülh danışıqlarına ciddi yanaşır və bunun tez bir zamanda gerçəkləşməsi üçün hazırdır. 

Lakin Mirzoyanın Azərbaycanın sülh təklifinə cavab olaraq son bəyanatları timsalında Ermənistanın proseslərə Minsk Qrupunu qoşmaq cəhdi rəsmi İrəvanın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir və beynəlxalq hüquq pozuntusudur. 30 ilə yaxın güc tətbiq etməklə, Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan, bir milyondan çox Azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq öz evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan, görünür beynəlxalq hüquq pozuntusunu bir vərdiş halına gətirib. Buna da səbəb Ermənistana qarşı beynəlxalq hüququn işləməməsi, onların uzun illər işğalçılıq əməllərinə beynəlxalq təşkilatların kar, kor olmasıdır ki, bu da Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq özünü toxunulmaz hiss etməsinə gətirib çıxarıb. Belə olan halda isə təbii ki, Azərbaycana qarşı daha böyük təxribat cəhdləri qaçılmaz ola bilərdi, necə ki, olub.

İndi də bu cür manipulyativ addımlarla 10 noyabr tarixli üçtərəfli bəyanatı yerinə yetirməkdən yayınmağa cəhd edən Ermənistan, münaqişənin bitməsi ilə bölgədə yaranan əməkdaşlıq imkanlarına rəğmən, imzalanmış birgə bəyanatın müddəalarını pozmaqla iki ölkə arasında normallaşma prosesinə zərbə vuran tərəfdir. Məhz Ermənistan, üçtərəfli bəyanatın 4-cü bəndinə (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir – red) zidd olaraq erməni silahlı qüvvələrinin qalıqlarını hələ də bölgədən çıxarmır. Bu azmış kimi bəyanatın 6-cı maddəsini pozaraq, Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. 

Bu gün isə Qondarma DQR Parlamentinin “Milli Təhlükəsizlik Orqanları haqqında” qanuna dəyişikliklər qəbul etdirməsi Ermənistanın ritorikasından əl çəkmək fikrində olmadığı ilə bağlı iddiaları təsdiqləmiş oldu. Belə ki, sözügedən “qanun” dəyişikliyinə əsasən “DQR Milli Təhlükəsizlik Xidməti” öz strukturunda döyüş hissələri yaradacaq ki, bunun da məqsədi bəsbəllidir.

Bununla da qondarma rejim 10 noyabr üçtərəfli bəyanatındakı məlum bəndə rəğmən o gün-bu gün Qarabağda qalan qanunsuz silahlı birləşmə üzvlərini dərhal “ştata” daxil edərək onların Azərbaycan ərazisindəki fəaliyyətini guya qanuniləşdirmiş olacaqlar. Amma Ermənistan unudur ki, Azərbaycan ərazisində hər hansı bir qondarma “dövlətdən”, ikinci bir “respublikadan” söhbət gedə bilmədiyi halda bunu hansı beynəlxalq hüquq, hansı qanuna görə edə bilərlər axı? İstənilən halda Azərbaycan ordusu öz vəzifəsini qaldığı yerdən davam etdirmək üçün belə görünür ki, daha cidd səylə çalışmalı olacaq.

Qondarma olan bir topa rejim nümayəndəsinin qəbul etdiyi bu qərar da Azərbaycana qarşı növbəti revanşizm əlamətidir. Amma Azərbaycan Ordusu separatçılara Azərbaycan ərazisində

əl-qolunu açmaq imkanı vermək fikrində deyil. Bunu elə son olaraq Fərrux hadisələri də göstərdi. Baxmayaraq ki, qondarma rejim bu addıma görə görünür sülhməramlı kontingentə bel bağlayır, amma Azərbaycan əsgəri göstərdi ki, Qarabağla bağlı əmr yalnız Bakıdan gedə bilər.

Çox güman ki, Ermənistanın Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə üçün ekipajı ilə birgə “hədiyyə etdiyi” 4 ədəd “Su-30” hərbi təyyarələri də onların Qarabağ planlarının tərkib hissəsi idi. Lakin İrəvan özü özünü Qərbin gözü önündə ifşa etdi, əsl kimliyini göstərdi. Rusiyaya Ermənistan vasitəsilə Orta Şərqdən canlı qüvvə göndərilməsi də çox güman ki, bayden adminstrasiyasında narahatlıqla qarşılanıb.

Bunu Cozef Bayden Administrasiyasının ABŞ Konqresini Ağ evin 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana 24 milyon ABŞ dolları ayırmağa çağırması məsələsindən də anlamaq mümkündür. Bu, 2022-ci maliyyə ili üçün bir neçə həftə əvvəl Konqresin ayırdığı və Prezidentin təsdiqlədiyi məbləğdən 21 milyon dollar azdır. Üstəlik Bayden 2023-cü maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardımın nəzərdə tutulmasını istəyib. Bu isə erməni lobbisini ciddi narazı salıb.

Sirr deyil ki, Qərbin Baş nazir Nikol Paşinyana verdiyi əsas tapşırıq Ermənistanın Rusiyanın təsirindən çıxması idi. Baş nazir ötən müddətdə buna çalışsa da, Kremlin təsirindən tam çıxa bilmədi. Bu, özünü Ukraynada baş verən proseslərdə də göstərdi. Üstəlik rəsmi İrəvanın Moskvaya hərbi texnika göndərməsi Vaşinqtonun planlarını pozdu. Ermənistana ayrılan son maliyyə vəsaitinin keçənilkinə nisbətən xeyli azalması da bundan xəbər verir.

Öz qazdığı quyuya düşən Ermənistan üçün çəmbər biraz da daraldı. Nikol Paşinyanın rəhbərlik etdiyi hökümətin birmənalı şəkildə Bakının sülh paketi təklifini dəstəkləməkdən başqa seçimi qalmır. Təəssüflər olsun ki, bir neçə gün bundan əvvəl Fərruxlu kəndi və yüksəkliyi ilə bağlı məsələdə də ABŞ Dövlət Departamentinin, Fransa XİN-in, Rusiya Müdafiə Naziriyinin sərgilədikləri mövqe yenə qərəzi ilə yadda qaldı.

Bir daha göründü ki, bu və digər dövlətlər, beyin mərkəzləri Ermənistan vasitəsilə bölgədə yenə də öz geosiyasi maraqlarını, ambisiyalarını həyata keçirmək istəklərindən əl çəkmək fikrində deyillər. Amma bu, Ermənistan üçün olduqca təhlükəli oyundur. Necə ki, Ermənistan 30 il ərzində düşünürdü ki, həmin goeosiyasi qüvvələr onlara kömək edəcək. Ona görə də Azərbaycan Prezidentinin xəbərdarlıqlarını ciddiyə almırdılar. Hesab edirdilər ki, Azərbaycan savaşmaq iqtidarında deyil, amma Ermənistanın təxribatlarının nəticəsi olaraq 44 günlük müharibə nümayiş etdirdi ki, rəsmi Bakı nəyi, nə zaman edəcəyini yaxşı bilir. Bu acı təcrübə Ermənistana dərs çıxarmaq üçün elə ən yaxşı nümunə ola bilər. //Milli.az