Ölkədə qiyməti artan və azalan məhsullar – FOTO

0
105

2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 115,8 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, ölkədə istehlak səbətinə daxil olan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki aya nisbətən 2,6 faiz, 2020-ci ilin dekabr ayına nisbətən isə 15,8 faiz artıb.  

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox qarabaşaq yarması, çörək, un, makaron məmulatları, düyü, toyuq, mal və qoyun əti, təzə və dondurulmuş balıq, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü süd, pendir, kəsmik, yoqurt, xama, yumurta, kərə və günəbaxan yağları, süfrə marqarini, nar, heyva, banan, alma, armud, qoz, fındıq, xiyar, pomidor, balqabaq, kartof, soğan, sarımsaq, mərci, şəkər və şəkər tozu, konfetlər, çay, qəhvə və kakao tozu, limonad bahalaşıb.

Portağal, limon, xurma, kivi, kələm və yerkökü ucuzlaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 107,7 faiz təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox minik avtomobilləri üçün ehtiyat hissələri, mebellər, məişət cihazları, noutbuklar, geyim və ayaqqabılar bahalaşıb.

Kəsilmiş taxtaların və mobil telefonların qiyməti isə ucuzlaşıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 110 faiz təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı və televizorların təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.