“Könüllü getmiş olsa belə…” – Qız qaçıranları hansı cəzalar gözləyir?

0
1418

Ötən gün Tərtərdə 32 yaşlı şəxs məktəbli qızı qaçırıb. İlkin araşdırmalar zamanı qızın 16 yaşını tamamladığı və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi müəyyən edilib.  Maraqlıdır, yetkinlik yaşına çatmayan şəxsin qaçırılması qanunvericiliklə hansı məsuliyyətə səbəb olur? Bununla bağlı Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, adam oğurluğu beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Müsahibimizin sözlərinə görə, həmin əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: “Lakin qanunda belə bir istisna da var ki, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Bundan əlavə vətəndaşlar bilməlidir ki, qızın ailə qurmaq məqsədilə qaçırılması, yəni el arasındakı adı ilə “qızqaçırtma” əgər qadının könüllü razılığı olmadan və onun iradəsi ziddinə baş verirsə, bu, adam oğurluğu cinayəti sayılır və qız qaçıran şəxsi ağır cəzalar gözləyir. Bəzən belə də olur ki, qız əvvəlcə öz istəyi ilə qaçır. Lakin sonradan istintaq orqanında ifadə (soruşdurma) zamanı obyektiv və subyektiv səbəblərdən (məsələn, atasının və qohumlarının basqısı) dolayı zorla qaçırıldığını bildirir. Bu zaman qızı qaçıran oğlan olduqca pis vəziyyətdə qalır və əlində qızın könüllü qaçdığına dair sübut yoxdursa, həmin qaçıran şəxsi çox çətin günlər gözləyir. Yəni qızın qaçmağa razılıq verməsi hələ qızın fikrini dəyişməyəcəyi anlamına gəlmir”. Vəkil qeyd edib ki, 18 yaşdan aşağı qız öz iradəsilə könüllü oğlana qoşulub qaçıbsa, burada “qaçırılma”dan söhbət gedə bilməz: “Lakin burada bir məqama diqqət yetirmək lazımdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə — üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yəni qız oğlanla könüllü getmiş, lakin qızın 16 yaşı tamam olmamışdırsa, bu zaman da qızı könüllü qaçıran şəxsi cinayət məsuliyyəti gözləyir. Son olaraq qeyd olunmalıdır ki, bu cinayətə görə məsuliyyət bu əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır”.