Azyaşlıya qarşı şiddəti çəkən tələbə kollecdən QOVULUB?

0
72

Ötən gün İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında azyaşlıya qarşı şiddət göstərilməsini əks etdirən videogörüntü yayılmışdı.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə videogörüntüləri sosial şəbəkələrdə yayımlayan tələbənin azyaşlının atası tərəfindən təhsil aldığı kollecdən qovulduğunu bildirib.

Azyaşlının atası İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev olduğu qeyd olunub.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov faktı təkzib edib:

“Heç bir direktor və direktor müavini tələbəni qova bilməz. Tələbənin qovulması üçün qanunvericilikdə nəzərdə tutulan müddəlar var. Kiminsə kimdənsə xoşu gəlməməsi və onu kollecdən qovması mümkün deyil”.

Qeyd edək ki, hadisə ictimailəşdirildikdən sonra dövlət qurumları araşdırmalara başlayıb. Uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edilib.

Bununla belə, uşağı şiddət görən valideynlər Zülfiyyə Baxışovanın qohumu olduqlarını əsas gətirərək, ondan şikayətçi olmayıblar.