Şəkidə həbsdən çıxan şəxs 15 dəqiqə sonra yenidən cinayət törətdi – FOTO

0
260

Şəkidə cəzaçəkmə müəssisəsindən çıxdıqdan bir neçə dəqiqə sonra təkrar cinayət törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakininə məxsus VAZ-2107 markalı avtomobilin şəhər ərazisindən naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırılması barədə Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsi Ağdaş rayonu Yeniarx kəndi ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb və hadisəni törədən şəxsin Göyçay şəhər sakini Heydər Heydərli olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş H.Heydərli həbs müddəti başa çatıb, cəzaçəkmə müəssisəsindən çıxdıqdan təxminən 15 dəqiqə sonra avtomobili qaçırıb və yaşadığı Göyçay rayonuna getmək istəyib.

Lakin təkəri partladığından o, nəqliyyat vasitəsini yolun kənarında tərk edib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, H.Heydərli təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.