Müharibə iştirakçıları və şəhid ailələrinə güzəştlər olacaq – Deputatlar təsdiqlədi

0
342

Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Vətən müharibəsi şəhidləri ilə yanaşı, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilir.

Eyni zamanda, banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilməyəcək.

Bu maddə ilə müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid olunacaq.

Digər təklif olunan dəyişikliyə əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.

Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirin vergidən azad edilməsi layihədə öz əksini tapıb.

Müzakirələrdən sonra layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.