Nə zaman əlillikdən imtina qərarları verilir? – AÇIQLAMA

0
85

“Əlillik xəstəliyin özünə görə yox, törətdiyi fəsadlara, ağırlaşmalara görə təyin olunur”. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib. 

Onun sözlərinə görə, bəzi vətəndaşlar istənilən xəstəliklə əlillik təyin olunması üçün müraciət edir:

“Əlillik təyin olunan şəxslərin reabilitasiya dövründə səhhəti yaxşılaşırsa, onun əlilliyi dayandırılır. Çox zaman vətəndaş müraciət edir ki, şəkər xəstəsidir. Əlillik bu xəstəliklərin yaratdığı fəsadlara görə təyin edilir.

Məsələn, şəkər xəstəliyinin böyrəkdə yaratdığı fəsadlara görə şəxsə böyrək çatışmazlığına görə yox, onun funksional pozğunluğuna görə əlillik təyin olunur”. 

İ.Yusifov qeyd edib ki, əlillikdən imtina qərarları əsasən göndərişin natamam doldurulması zamanı olur:

“Göndərişdə verilən məlumatlar tam doldurulmadıqda sənəd dövlət tibb müəssisinə qaytarılır. Dövlət tibb müəssisəsi tərəfindən çatışmazlıqlar aradan qaldırılaraq yenidən göndəriş rəsmiləşdirilə bilər.

Ola bilər xəstəliyin xarakterinə uyğun olaraq təyin olunan müalicə yetərli deyil, bu zaman əlavə müalicə barədə qərar verilə bilər. Bəzi hallarda təqdim edilən göndərişdə xəstəlik və onun ağırlaşması əlillik təyinatına əsas vermir, yaxud diaqnoz müayinələrlə tam şəkildə təsdiq edilmir. Bu zaman diaqnozun əlillik təyin edilməsi, təsdiq olunmaması barədə qərar verilir”.