Azad edilmiş ərazilərdə xidmət aparan hüquq-mühafizə orqanlarının əməkdaşlarının maaşı artacaq

0
89


Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasının səbəblərindən biri də ölkəmizin iqtisadi qüdrəti ilə əlaqədardır. 

Bunu Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. 

O bildirib ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın həyata keçirilməsini prioritetlər sırasına daxil edib.

Nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri sürətli şəkildə həyata keçirilir. Samir Şərifov əlavə edib ki, büdcə layihəsində müdafiə və təhlükəsizlik sahəsi üzrə ayrılan xərclər prioritet xərclər kimi təsnif edilib.

“İşğaldan azad edilmiş ərazilərdə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqlarının artırılması da nəzərdə tutulur. Müdafiə xərclərinin sırasında hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması məsələləri də yer alır”, – deyə Samir Şərifov əlavə edib.

Samir Şərifov qeyd edib ki, 2022-ci il üzrə sosialyönümlü xərclərin cari illə müqayisədə 1 milyard 640 milyon artımı proqnozlaşdırılır. 

Nazirin sözlərinə əsasən, 2022-ci ilin yanvarın 1-dən maaşların, pensiyaların, müavinətlərin artırılması gözlənilir ki, bunun üçün də maliyyə təminatı yaradılıb. Nazir bildirib ki, sosialyönümlü hissədə əməyin ödənişi xərclərinin xüsusi çəkisi artaraq 60 faiz təşkil edəcək.

“Bu istiqamətdə 8 milyard 97 milyon manat vəsait ayrılması təklif olunur ki, bu da cari illə müqayisədə 22.7 faiz çoxdur. Son 5 ildə əməyin ödənişi fondu 1,8 dəfə və yaxud 3 milyard 685 milyon manat artıb,” – deyə nazir bildirib.