Qəbul imtahanlarında hansı yeniliklər olacaq? – AÇIQLAMA

0
93

Prezident “Azərbaycan Respublikasında İqtisadi Rayonların Yeni Bölgüsü Haqqında” fərman imzaladı və bu fərmanla əlaqədar olaraq  coğrafiya fənnində iqtisadi rayonlarla bağlı olan sualları imtahana çıxardıq.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, keçmiş iqtisadi bölgü əsasında olan suallar imtahanlara salınmayıb:

“Onu qeyd edim ki, hər il biz dekabr ayında həmin ilin qəbul proqramını müzakirə edirik. Bu il də eyni proses davam edəcək. Onu qeyd edim ki, həmin fərmanın icrası ilə əlaqədar bu il qəbul proqramında coğrafiya fənni üzrə Azərbaycan Respublikasında İqtisadi Rayonların Yeni Bölgüsünü nəzərə alacağıq. Bunun əsasında da yeni suallar olacaq və bu tam ədalətli olacaq. Gənclərimiz vətənpərvərdirlər və Zəfər ilində yaşayıblar. Rayonların təkcə işğal edildiyi tarixdən əlavə işğaldan azad edildiyi tarixlər də var. Bu yeniliklər imtahanın yeni məzmununda öz əksini tapacaq”.

Biz bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər buraxılış imtahanlarının proqramı əsasında elektron imtahan keçiriləcək. Noyabr ayında yeni elektron imtahanlarını keçirəcəyik. Hər bir fənnə aid olan yeni proqramlar müzakirə olunub, dərsliklər üzərində monitorinq aparılıb. Yeni proqram dərc edildikdən sonra, bu il epidemioloji vəziyyət imkan verərsə, yanvar ayından bir neçə sınaq imtahanları keçirəcəyik. Məqsəd – abituriyentlər öz biliklərini sınasınlar ki, imtahanlarda onlar üçün asan olsun”.

“Bu günə qədər hansısa şirkətlər tərəfindən keçirilən sınaq imtahanlarının nə məzmununa, nə də keyfiyyətinə Dövlət İmtahan Mərkəzi cavabdeh deyil. Bu il hər bir fənnə aid olan proqramlar ekspertlər arasında hazırda müzakirə olunur. Bu proseslərə qoşulmaq istəyən fənn üzrə mütəxəssislər saytımızda yerləşdirilən elan vasitəsilə müvafiq anketi doldurmaqla bizə müraciət edə bilər. Müraciət anketində qeyd edilənlər bizi qane edərsə, onların bu prosesə qoşulmalarını təmin edəcəyik”, – deyə M.Abbaszadə qeyd edib.