Bakıda antisanitar qaydada emal edilən toyuq məhsulları dövriyyədən ÇIXARILDI – FOTO

0
223

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda fəaliyyət göstərən, fiziki şəxs Axundzadə Rasim Elmar oğluna məxsus quş əti emalı müəssisəsində keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində sanitar-epidemioloji qaydalara və normativlərə əməl olunmadığı müəyyən olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, mexaniki üsulla hazırlanan toyuq farşının istehsalında “Omega” əmtəə nişanlı rəngləndirici xüsusiyyətə malik qida əlavəsindən (E124) istifadə edildiyi, məhsulların etiket məlumatlarında, qablaşdırılmasında və markalanmasında bir sıra nöqsanlar aşkar edilib.

Həmçinin müəssisədə mexaniki avadanlıqların yuyulması prosesinin düzgün aparılmadığı və lazımi yuyucu-dezinfeksiyaedici vasitələrdən istifadə edilmədiyi məlum olub.

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub, ümumi çəkisi 375 kiloqram toyuq farşı dövriyyədən çıxarılıb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam edir.