Azərbaycanlı idmançının yüksək vəzifəyə namizədliyi irəli sürülüb

0
170

Azərbaycanın qadın karate millisinin üzvü İrina Zaretskaya Ümumdünya Karate Federasiyasının (WKF) Atletlər Komissiyasının üzvü seçilə bilər.

Namizədlərin təqdim olunması prosesi artıq başa çatıb.

Kata üzrə yaponiyalı Olimpiya və dünya çempionu Ryo Kiyuna və Yunanıstanın Avropa çempionu Vasiliki Panetsiduda dörd ildən ibarət olan üzvlük müddəti bitdiyindən, onların yerinə iki yeni üzv seçiləcək.

İtaliyalı keçmiş dünya və ikiqat Avropa çempionu Davide Benetellonun sədrlik etdiyi Komissiyanın yeni üzvlərinin seçkisində Dubayda keçiriləcək dünya çempionatında iştirak edəcək idmançılar səs verə biləcək.

Ukrayna əsilli İrina Zaretskayanın ingilis dili biliyi olduğundan Azərbaycan Milli Karate Federasiyası idmançımızın namizədliyini təqdim edib.

Qeyd edək ki, hər ölkədən bir idmançı namizədliyini irəli sürə bilər. Nquyen Hoanq Nqan (Vyetnam), Antonio Dias (Venesuela) və Doqlas Brosun (Braziliya) üzvlük müddəti isə davam etdiyindən, onlar bu Komissiyada fəaliyyətlərini davam etdirəcəklər.