Vətən müharibəsi iştirakçısı Mikayıl Mikayıllının dogum günü münasibətilə xatirəsi anılmışdır

0
122


Mikayıl 1993-cü il sentyabrın 24-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində dünyaya göz açır. Orta məktəbi doğulduğu Mıxlıqovaq kəndində oxuyur. Yeniyetmə yaşlarından hərbiyə, idmana maraq göstərən Mikayıl məktəbli vaxtlarında idmanda göstərdiyi fəallıqlara görə çoxlu sayda fəxri fərmanlar alır.
2009-cu ildə Mikayılın atası dünyasını dəyişir və ailənin bütün yükü onun çiyinlərinə düşür. Anasının istəyi ilə ali məktəbə hazırlaşsa da, öz istəyi hərbçi olmaq idi. Orta məktəbi bitirdikdən sonra ali məktəbə sənəd verir, lakin qəbul olunmasına baxmayaraq təhsilini davam etdirmir. Hərbi xidmətini başa vurduqdan üç ay sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başlayır.

2014-cü ilin mayında NATO-da keçirilən kurslarda 100 nəfər içərisindən 4 nəfər seçilir ki, bunlardan biri də Mikayıl olur. Bununla yanaşı bir neçə il Sülhməramlı Qüvvələrdə çavuş, baş çavuş rütbəsində xidmət edir. Xidməti ilə əlaqədar olaraq Bolqarıstan, Ukrayna, Türkiyə və başqa ölkələrdə müxtəlif kurslar keçir. 2014-cü ildə Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmətə başlayır. 2016-cı il Aprel döyüşlərində iştirak edən Mikayıl ayağından yaralanır. Lakin Vətəninə olan sevgisi, xalqının başına gətirilən haqsızlıqların qisasını almaq istəyi onu yenidən hərbiyə qayıtmağa sövq edir.
2020-ci ilin 27 sentyabrında başlayan II Qarabağ müharibəsinə yollanan Mikayıl çoxlu sayda uğurlu əməliyyatda iştirak edir. Sentyabrın 29-dan 30-na keçən gecə…Mikayıl kəşfiyyat-diversiya qrupunun rəhbəri kimi əməliyyat planı hazırlayır. Aparılan əməliyyat uğurlu alınır. Bir neçə yüksək rütbəli zabit olmaqla xeyli sayda erməni məhv edilir. Geri qayıdarkən Murovdağ-Kəlbəcər istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində Şəhidlik zirvəsinə yüksəlir.
Mikayıllı Mikayıl 01.10.2020 tarixində doğulduğu Qəbələ rayonunun Mıxlıqovaq kəndində atasının məzarının yanında torpağa tapşırılır. Ailəsi sonradan öyrənir ki, Mikayıl “ Mənə nəsə olsa deyərsiz məni atamın yanında dəfn etsinlər “ deyə vəsiyyət edibmiş…
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Mikayıllı Mikayıl (ölümündən sonra) “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, və “Şücaətə görə” medalları ilə təltif edilir.
Allah rəhmət eləsin…