Talassemiya Mərkəzi iddialara CAVAB verdi – FOTO

0
168

Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri həmin xəstəliklə mübarizə aparan mərkəzinin iş prinsipindən narazıdırlar.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Valideynlər iddia edib ki, Talassemiya Mərkəzində göstərilən xidmətlər qüsurludur.

Məsələ barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya Bölməsi (Talassemiya Mərkəzi) ilə əlaqə saxladıq.

Qurumdan bildirilib ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya Bölməsində (Talassemiya Mərkəzi) “Azərbaycan Talassemiya Federasiyası”nın təşkilatçılığı ilə Mərkəzin günlük iş prinsipini pozmağa cəhd göstərilib:

“Azərbaycan Talassemiya Federasiyası”nın nümayəndəsi Şəbnəm Qurbanovanın sözlərinə görə, o, bu aksiyanı ABŞ-da yaşayan sədrləri Nailə Quliyevanın nümayəndəsi olaraq həyata keçirir. Dörd nəfərdən ibarət olan valideyn qrupu iddia edir ki, Mərkəzdə göstərilən xidmətlər qüsurludur.

İddiaya cavab olaraq bildirmək istəyirik ki, bir həftə bundan öncə məhz həmin valideynlərin adından Şəbnəm Qurbanovanın idarə etdiyi “azthalassemia” “Instagram” profilində paylaşım edilib. Həmin paylaşımda, Mərkəzin iş prinsipi ilə bağlı, Mərkəzdə göstərilən xidmətlərdən, talassemiyalı pasiyentlərin qan və qan komponentləri ilə davamlı və keyfiyyətli təminatı ilə bağlı razılıq bildirilib.

Bununla bağlı FOTO:

Valideynlər Mərkəzin Baş həkimi Afaq Nəsibova tərəfindən qəbul edilib, etirazları dinlənilib və xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində zəruri addımlar atılıb.

2020-ci ilin may ayından etibarən Mərkəzi Qan Bankında rəhbər dəyişikliyi baş verib. Həmin tarixdən etibarən ölkədə qan və qan komponentlərinə yaranan ehtiyacların ən yüksək səviyyədə qarşılanması üçün əməli işlər görülür. Yeni müasir laboratoriya qurulub, cihaz və avadanlıqlar yenilənib.

Transfuziya üçün lazım olan qanlar keyfiyyətli şəkildə hazırlanır. Burada hazırlanan qan ehtiyacı olan vətəndaşlara tam təmənnasız olaraq verilir. Bu proseslər, Mərkəzi Qan Bankının 8 bölgə üzrə fəaliyyət göstərən bölmələrini də əhatə edir”.

Mərkəzdən qeyd edilib ki, ümumiyyətlə, son günlərdə “Azərbaycan Talassemiya Federasiyası” Mərkəzə və Mərkəzin fəaliyyətinə qarşı səbəbsiz qərəzli mövqe nümayiş etdirir:

“QHT nümayəndələri Mərkəzə gələrək “Bura bizim evimizdir, istədiyimizi edə bilər və istədiyimiz kimi davrana bilərik!” deyərək, Mərkəzdə çalışanlara qarşı qeyri-adekvat münasibət nümayiş etdirirlər.

Məlumat üçün bildirək ki, Talassemiya Mərkəzi xidmət profilinə görə regionda yeganə tibb müəssisəsidir və burada irsi qan və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza xidmət göstərilir. 

Talassemiya Mərkəzində fəaliyyət göstərən kliniki laboratoriya şöbəsi bütün xəstələri həftənin və sutkanın istənilən vaxtı hərtərəfli müayinələr ilə təmin edir. Burada müxtəlif laborator müayinələr aparmaq üçün dünyanın aparıcı şirkətlərinin istehsalı olan və ən müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb.

Bu avadanlıqlar laborator müayinələri yüksək keyfiyyət və dəqiqliklə, həmçinin qısa müddətdə icra etməyə imkan yaradır. Laboratoriyanın məlumat sistemi xəstəxananın məlumat sistemi ilə əlaqəlidir. Laboratoriyamızda tamamilə avtomatlaşdırılmış nəzarət sistemi mövcuddur. Mərkəzin sümük iliyinin transplantasiyası şöbəsində, talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb. Qeyd edək ki, elə Şəbnəm Qurbanovanın da övladına 06 noyabr 2018-ci il tarixində Mərkəzdə sümük iliyi transplantasiyası həyata keçirlib və övladı hazırda həyatına sağlam olaraq davam edir”.

“Ötən müddət ərzində görülən işlərlə mərkəzin maddi-texniki bazası gücləndirilib, müalicə-diaqnostika fəaliyyəti ən müasir protokollara uyğunlaşdırılıb, əksər həkimlər və tibbi personal xarici ölkələrə uzunmüddətli kurslara göndərilib, tibbi sənədləşmə tamamilə elektronlaşdırılaraq “Elektron Klinika” yaradılıb, elmi işlərə start verilib.

Sonda Mərkəzdə müalicə alan bütün pasiyentlərimizə bildirmək istəyirik ki, məqsədli şəkildə yaradılan provakasiyalara getməsinlər. Təklif və iradlarınız olarsa, yazılı və şifahi formada birbaşa Mərkəz rəhbərliyinə ünvanlaya bilərsiniz”, – deyə vurğulanıb.