Şuşaya qayıdışdan bəhs edən “28” qısametrajlı filmi beynəlxalq festivalın finalına vəsiqə qazanıb – FOTO

0
118

Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı (YTB),  TRT, Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Sinema Genel Müdürlüyü, Anadolu Agentliyi və Boğaziçi Kültür Sanat Vakfı təşkilatçılığı ilə Diaspora Beynəlxalq Qısa Film Festivalı, kifayət qədər rəqabətli seçimlərdən sonra tamaşaçı qarşısına çıxıb. İlk ilində altı qitədən ümumi 3 123 filmin müraciət etdiyi və 24 filmin finalçı olmağa haqq qazandığı festival, 27-29 Avqust tarixlərində İstanbul Atlas Kinoteatrında təşkil edilib.

Türkdilli filmlər kateqoriyasında azərbaycanlı rejissor Nazim Şərbətovun ərsəyə gətirdiyi qısametrajlı “28” filmi də finala vəsiqə qazanıb. Film Niderlandda yaşayan jurnalist Xatirə Sərdarqızının 28 il sonra Şuşaya qayıdışının hekayəsini və müharibə nəticəsində aldığı uşaqlıq travmasından bəhs edir. Qeyd edək ki, film Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb.

Atlas kinoteatrında nümayiş etdirilən “28” filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Filmin nümayişindən sonra rejissor Nazim Şərbətov film və Qarabağ haqqında sualları cavablandırıb. Filmin qəhrəmanının real həyatda da əslən Şuşadan olduğunu və 90-cı illərin Qarabağ müharibəsində yurd-yuvasından köçmək məcburiyyətində qaldığını qeyd edən rejissor, qəhrəmanın uşaq vaxtı travmalar, psixoloji sarsıntılar yaşadığını söyləyib. “Bu hekayədə müharibənin böyüklər və uşaqların üzərində nə kimi travmalara səbəb olduğunu göstərmək istədik”, – deyən Nazim Şərbətov, işğaldan azad olunan bölgələrə gedərək müharibənin yaratdığı dəhşətli izləri lentə almaq istədiyini qeyd edib.

Festival çərçivəsində bir sıra müxtəlif tədbirlər və görüşlər təşkil edilib. Kino tənqidçiləri və təcrübəli rejissorlar iştirakçılarla görüşərək fikir mübadiləsi aparıb. Festival konsert proqramı və mükafatların təqdim edilməsi ilə yekunlaşıb.