Azərbaycanda ilk dəfə onlayn jest dili lüğəti yaradıldı – FOTO

0
116

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “Nar”ın maliyyə dəstəyi ilə yaradılan “jestdili.az” saytının təqdimatı keçirilib.

23 sentyabr Beynəlxalq Jest Dilləri Günündə baş tutan təqdimat mərasiminə Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti,  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi və “Nar”ın nümayəndələri, layihə iştirakçıları qatılıblar.

Tədbirdə “Karlara dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri, dosentlər və müəllim heyəti, ‘Karlara Dəstək” İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə işçi qrupu yaradıldığı və ümumilikdə 3 000-ə yaxın sözün jest dilinə tərcümə edildiyi bildirilib. Eşitmə və niqt məhdudiyyəti olan insanlar tərəfindən jestlərlə ifadə edilən sözlər www.jestdili.az saytında foto və video formatda yerləşdirilib.  

Təqdimat mərasimində edilən bütün çıxışlar eyni zamanda jest dilinə də tərcümə edilərək qonaqların diqqətinə çatdırılıb.

Xatırladaq ki, layihənin məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olma qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır.