Saxta vəsiqəli “Yeni ictimai Nəzarət” Şurasının üzvləri nə işlə məşğuldular? – Bəs Turani Əliyev?

0
282

Azərbaycanın bir sıra şəhər və rayonlarında “yeni” yarlıqlı “ictimai nəzarət” şurasının üzvləri peyda olub. Daşıdıqları vəsiqələrdə “TALE-QADIN” xeyriyyə ictimai birliyinin möhürünü gəzdirən şəxslər özlərini ictimai nəzarətçi kimi təqdim edərək müəssisə və idarə rəhbərlərinin canını boğazına yığır, vətəndaş cəmiyyətini ələ almağa çalışır, əsassız yanaşma metodları ilə bəzən şantaj və təhdiddən də çəkinmirlər.

“Demokratik.Az”-a bu barədə verilən məlumata görə, adıkeçən qadın “xeyriyyə İB-nin nəzdində yaradılmaqla heç bir rəsmi dövlət qeydiyyatı olmayan bir “şura” süni təqdimatlarla özlərinə asanlıqla “yuvalar” da qururlar. “Şura”nın Tovuz və Göygöl rayonlarında yerli icra hakimiyyəti orqanlarının himayədarlığına sığınaraq ayrıca ofis şəraitində fəaliyyət qurmaları da olduqca diqqətçəkicidir.

Tovuzdan aldığımız məlumata görə, bu rayondakı şura öz tərkibində ağıllarına gələsi sektorlar, şöbələr, qanunazidd ştatlar formalaşdırmaqla meydan sulayır. Məsələn, Məmmədova Sevil İsmayıl qızı sinəsinə basdığı “vəsiqə” ilə istənilən jurnalistə özünü “Mətbuat Xidmət”çisi kimi sırımaqla baş qatır. Rayonun məmurları və sakinlər bu qondarma “şura”nı bir çox hallarda prezidentin çağırışı ilə yaradılmış “İctimai Nəzarət Koalisiyası” (İNK-red) ilə ya səhv salır, ya da onun yeni versiyası kimi bilirlər. 

Göygöl rayonunda isə durum daha qabarıq və eybəcərdir.
“Demokratik.Az”-a sakinlərdən verilən məlumata görə, rayondakı həmən “şura”darlar icra başçısı, YAP rayon təşkilatının sədri Turani Əliyevin maraqlarına da xidmət edirlər. İcra başçısının onlara YAP binası həndəvərində ayrıca və pulsuz ofis verməsi, onların fəaliyyətini stimullaşdırması belə düşünməyimizə əsas verir.

Turani Əliyevlə istədiyi zaman şəxsən görüşüb naməlum “məsləhətləşmələr” aparan “şura” sədri vətəndaş Həsənov Arzu Lətif oğludur. Adamın özünü bəzən prokuror, bəzən də qeyri-adekvat aparması barədə şikayətlər var. Amma, rayonun icra başçısı funksiyasını yerinə yetirən bir YAP sədrinin araşdırmadan, soruşdurmadan adi “qadın xeyriyyə İB”-nin samozvaneç nümayəndəsinin rayon ərazisində açıq siyasi fəaliyyətinə şərait yaratmasının adı nədir, biz deyə bilmirik. 

Sözügedən çaşqınlıqla bağlı İNK sədri Rasim Məmmədov “Demokratik.Az”-ın suallarını cavablandırıb. Koalisiya sədri bildirib ki, bir sıra rayonlarda boy göstərən şəxslərin bir çoxunun ictimai nəzarətçi kimi fəaliyyətlərinin heç bir hüquqi əsası yoxdur. Xüsusilə də sözügedən İB tərkibindəki yeni ictimai şuranın fəaliyyəti araşdırılmalıdır.
“Mənim rəhbərlik etdiyim “İctimai Nəzarət Koalisiyası” prezidentin məlum çağırışına səs verib illər öncə yaradılmış rəsmi təşkilatdır. Dediyiniz adamların varlığından mən də xəbərdaram, onların fəaliyyəti təəssüf ki, heç bir qanuna söykənmir, “dərə xəlvət, tülkü bəy” kimi davranırlar”. Bu adamlar indiyə kimi hardaydılar, indi bizi yamsılayıb ictimaiyyət arasında haray-həşir qoparıblar. O da maraqlıdır, bunlar hansı pulla fəaliyyət göstərir” – deyə Rasim Məmmədov bildirib. 

Onu da xatırladaq ki, Ədliyyə Nazirliyində “xeyriyyə” məqsədilə yaradılan hər hansı qadın təşkilatı heç bir halda siyasi fəaliyyətlə məşğul ola  bilməzlər. Görünür, adıkeçən ictimai birliyi süni əsaslarla siyasiləşdirib ortaya atanlar, rayonlarda isə Turani Əliyev kimi işbilməz və qabiliyyətsiz rəhbərlər var. Əksinə olsaydı, T.Əliyev Göygöl sakinləri üçün daha faydalı bir işlə məşğul olub köklü problemlərin həllinə çalışardı. 

Yaxşı olardı ki, rayon rəhbərlikləri ictimai nəzarətin güclənməsini istəyirlərsə, bunu qanunvericilik normaları çərçivəsində həyata keçirsinlər, bu missiyanı yüklənən kəslərin kimliyinə və sənədlərinə diqqət etsinlər. 

Turani Əliyevin timsalında, bilməyən yerli məmurlara xatırladaq ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. Bu isə başqa profilli ictimai birliklərə hansısa özbaşınalıqlar, çaşqınlıq mühitinin yaradılmasını ehtiva etmir…  

Osman Nərimanoğlu
Demokratik.Az