“Azərbaycan kinosunun estetik axtarışları indi də davam edir”. EKSPERT AÇIQLADI

0
310

“Bu gün Azərbaycan kinosunun ad günüdür. Fransızların başlatdığı kino mədəniyyəti 20-ci əsrin yarısında ən pik dövrünü yaşadı. Azərbaycan kinosu dünya kinosunun bir hissəsi olmaqla yanaşı, həm də orijinal incəsənət sahəsi olmaqla mədəniyyət tariximizdə qızıl hərflərlə səhifələr yaza bildi”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, kinonun müasir dövrümüzdə inkişafı fərqli istiqamətdədir: “Televiziya, internet və sosial şəbəkələrin yaranması kinoya çox böyük təsirlər göstərdi və insanlarda kinoteatrlarda filmlərə baxmaq vərdişlərini sanki yoxa çıxartdı. Bildiyimiz kimi, pandemiya dövründə ümumiyyətlə kinoteatrlar bağlı oldu. Hər kəs əvvəl televiziyada baxdığı kinolara indi isə öz mobil telefonlarında və ya kompyuterdə baxmaqla kifayətlənir. Azərbaycan kinosunun estetik axtarışları indi də davam edir. Dövlətin maliyyəsi hesabına çəkilmiş filmlərin səviyyəsi bizi qane etməsə də, həm özəl şirkətlərin, həm kommersiya xarakterli çəkilən filmlər və seriallar bir daha onu göstərir ki, estetik, texnoloji axtarışlar get-gedə genişlənməkdədir”.

Aydın Xan Əbilov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan kinosu əlbəttə ki, nə Hindistan, nə ABŞ, nə İran kinosudur: “Azərbaycan kinosu lokal amma milli, eyni zamanda dövlət datasiyası ilə yaşayan incəsənət növünə çevrilib. Azərbaycan filmləri ümumiyyətlə son vaxtlar azsaylı da olsa, müxtəlif beynəlxalq festivallarda iştirakı, yer tutması bizi bir daha inandırır ki, əgər, müəyyən inkişaf səviyyəsinə qalxsa, sözsüz ki, filmlərimiz dünyanın hər yerində baxılacaq. Azərbaycanda bir neçə kinostudiya var ki, onların da ən böyüyü Cəfər Cabbarlı kinostudiyası idi. Kinostudiya Qafqazda ən iri kommunikasiya, bina baxımından, həm də sahəsinə görə seçilən istehsalat sahəsi sayılırdı. Təəssüflər olsun ki, son 30 ildə onun dağılmasının şahid olduq. Bildiyimiz kimi Mədəniyyət Nazirliyi dəyişəndən sonra Kino Fondu da yaradıldı. Müxtəlif kino və filmlərlə bağlı müsabiqələr elan edilir. Amma hələ də istədiyimiz effekti ala bilməmişik. İstədiyimiz kimi keyfiyyətdə, kəmiyyətdə filmlərin istehsalını görmürük. Düşünürəm ki, Azərbaycanda Cəfər Cabbarlı adına kinostudiyanı təcili təmir edib Qafqazın və dünyanın kino istehsalı edilən müəssisəsinə çevirmək olar. Bunun üçün Azərbaycanda hər cür şərait var”.