Ekspert: Ermənistanın yaydığı dezinformasiyalar itkilərini cəmiyyətin gözündə pərdələməyə hesablanıb

0
334

“Əgər Ermənistan ordusu bir gündə Azərbaycanın iki PUA-sını vurmağa qadir idisə, nədən ordumuz bu gün Şuşada üçrəngli bayrağımızı qaldırır?! Nə üçün bu gün Kəlbəcərdə, Laçındadır?! Ermənistan bu suallara cavab versə, yaxşı olardı“.

Bu sözləri  hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, bu dezinformasiyaların yayılmasında məqsəd Ermənistan ordusunun itkilərini, xüsusən də son günlərdəki mövqe və şəxsi heyət itkilərini erməni cəmiyyətinin gözündə pərdələməkdir:

“PUA-ların detalları çox sayda olur. Əgər belə bir şey baş veribsə, onların vurulmasının, ətrafa tökülən qırıntılarının görüntülərini paylaşardılar. Bundan sonra biz deyə bilərik ki, belə bir hadisə olub, ya olmayıb. Hazırda göstərilən detallar isə heç də iki PUA-nın vurulmasını təsdiqləyəcək sübut hesab oluna bilməz. Ermənistanın təbliğat maşınının iki ölkə sərhədində, eyni zamanda döyüş əməliyyatlar zonasında baş verən hadisələrlə bağlı dezinformasiya yayması ilk belə hadisə deyil.

Bir növ auditoriya olaraq Azərbaycan tərəfi bu dezinformasiyalara artıq alışıb. Maraqlıdır ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan PUA-larının fəaliyyətinə məhdudiyyət tətbiq etməkdə kifayət qədər ciddi çətinlik çəkən, əsgərimizin və adıçəkilən pilotsuz vasitənin düşmənə endirdiyi zərbələr nəticəsində hər gün 150 kv. kilometr ərazini tərk edən Ermənistan ordusu birdən-birə hansısa möcüzəli bir güc sayəsində bir gün içərisində iki Azərbaycan PUA-sını vurması barədə məlumat paylaşır. Təbii ki, bu, real deyil. Məlumat artıq Müdafiə Nazirliyi tərəfindən də təkzib olunub”.