Azərbaycanlı bacılar Olimpiadada ilk medalını qazandı – Fotolar

0
126
Azərbaycanlı bacılar Olimpiadada ilk medalını qazandı

Tokioda keçirilən Yay Olimpiya Oyunlarında Böyük Britaniyanın qadın gimnastika milli komandası 93 il sonra medal əldə edib. İki azərbaycanlı idmançının da yer aldığı komanda “bürünc”ə sahib çıxıb. 

Komandada çıxış edən azərbaycanlılar isə Cessika və Cennifer Qədirova bacılarıdır. 17 yaşlı əkizlər uğurun əldə olunmasında böyük rol oynayıblar. 

Bu onların ilk böyük uğurudur. Əslində, Cessika Qədirova cari ilin aprelində İsveçrənin Bazel şəhərində keçirilən Avropa çempionatında özünü göstərə bilmişdi. Həmin qitə birinciliyində 17 yaşlı xanım idmançı çoxnövçülükdə bürünc medala yiyələnmişdi. 

Həmin yarışdan sonra məhz gimnastlar məşhurlaşmağa başladı. 

Cessika və Cennifer azərbaycanlı olsalar da, onlar Böyük Britaniyada dünyaya gəliblər. Ataları Natiq Qədirov 2001-ci ildə bu ölkəyə köçüb. 2004-cü ildə isə əkiz qızları doğulub. 

N.Qədirov qızlarının idmana üzgüçülükdən başladığını qeyd edib: “Qızlarım idmana üzgüçülükdən başladı. Lakin sonradan enerjilərinin çox olduğunu görüb gimnastikaya apardım. Elə onların yeri də bu idman növü imiş”. 

17 yaşlı əkizlər Azərbaycanı çox sevsələr də, hələ ki, vətənlərinə gələ bilməyiblər. Bu ilin martın 4-7-də Bakıdakı idman gimnastikası üzrə Dünya kuboku təxirə salınmasaydı, onlar doğma ölkələrini görəcəkdilər: “Təəssüf ki, yarış təxirə salındı. Əks halda qızlarım ilk dəfə Azərbaycana gələcəkdilər”.


Cessika Qədirova atasının onları bir neçə dəfə Azərbaycana gətirmək planının olduğunu, lakin bunun baş tutmadığını bildirib: “Yayda Azərbaycana səfər etmək istəyirik. Görək, necə olacaq… Bakıda gimnastika da daxil olmaqla bir neçə idman növü üzrə beynəlxalq yarışlar keçirilir. Bəlkə də, bir gün iştirakçı kimi yolumuz Azərbaycana düşdü”.

Olimpiadadakı uğurdan sonra N.Qədirov qızları ilə fəxr etdiyini bildirib: “Qızlarımla fəxr edirəm. Azərbaycandakı insanların uzaqda yaşayan həmvətənlərinin uğurlarından xəbərdar olması gözəl olardı. Azərbaycanın dəstəyini hiss etmək bizim üçün xoş olar”.