Tanınmış həkim başgicəllənmədən danışdı: “COVID-19 dönəmində fərqli xəstələr görürük”

0
63
Tanınmış həkim başgicəllənmədən danışdı: “COVID-19 dönəmində fərqli xəstələr görürük”

Lor cərrah (qulaq-burun-boğaz) Nigar Muradova başgicəllənmənin əsas səbəbinin qulaqda kristal oynaması nəticəsində meydana gəldiyini qeyd edib. Başgicəllənmə şikayətinin bir çox xəstəliyin xəbərçisi olduğunu deyən mütəxəssis bildirib ki, bu əlamətlərə laqeyd yanaşmaq olmaz.

Publika.az həkimlə başgicəllənmə mövzusunda geniş müsahibəni təqdim edir:

– Başgicəllənmənin kökündə nə dayanır?

– Başgicəllənmə cəmiyyətdə geniş yayılmış problemlərdəndir, ancaq bir çox insan xəbərsizdir ki, onun yaranmasına daha çox qulaq xəstəlikləri səbəb olur. Ona görə də vertiqo şikayəti olan xəstələr daha çox nevroloq və terapevtlərə müraciət edir. Başgicəllənmə çox geniş yayılmış şikayət olmasına baxmayaraq, xəstəlik deyil. Bu, hər hansı bir xəstəliyin ilkin simptomudur. Biz otonevroloqlar (başgicəllənmə üzrə ixtisaslaşmış lor həkimlər) başgicəllənmənin yaranma səbəbini araşdırır və qulaq mənşəli başgicəllənmənin müalicəsi ilə məşğul oluruq.

– Doktor, başgicəllənmə qorxulu simptomdur?

– Altında çox ciddi problem də yata bilər, səbəbindən asılı olaraq dəyişir. Başgicəllənmə həm primitiv qan azlığından, həm də daha ciddi hallarda letallıqla nəticələnə bilən beyin mənşəli problemlərdən yarana bilər. Ancaq unutmamaq lazımdır ki, başgicəllənmə daha çox qulaqda kristal oynaması dediyimiz xəstəlik və digər qulaq xəstəlikləri səbəbi ilə meydana gəlir. Başgicəllənmə varsa, səbəbini araşdırmaq lazımdır.

Lor Hospitalda Azərbaycanda ilk və tək olan Otonevrologiya mərkəzi yaradılıb ki, burada biz başgicəllənmə yaşayan xəstələrin diaqnostikası və müalicəsi ilə məşğuluq. Mərkəzimizdə bunun üçün dünyada vertiqo xəstələrinin müayinəsində istifadə olunan Videonistaqmoqrafiya (VNQ) cihazı qurulub. Başgicəllənməsi olan xəstələrin ümumi müayinəsi, anamnezi və VNQ müayinə nəticələri diaqnoz qoymamız üçün çox önəmlidir. Bütün məlumatlar və cihazın məlumatları birlikdə toplandıqda xəstəyə doğru diaqnoz və uyğun müalicə təyin etmək daha effektiv olur. Qulaq mənşəli başgicəllənmənin əsas səbəbi əksər hallarda BPPV – xoşxassəli paroksismal mövqedəki vertiqodur. Bu da dərmanla müalicə olunmayan bir xəstəlikdir. Müxtəlif düzəldici manevrlərlə kanala görə müalicə edirik. Nəticədə bir həftə sonra xəstədə bütün simptomlar aradan qalxmış olur.

– VNQ cihazının üstünlükləri nədən ibarətdir?

– Azərbaycanda təkdir və dünyada başgicəllənmə diaqnostikasında ən çox istifadə edilən cihazdır. Əlbəttə ki, üstünlükləri çoxdur. Başgicəllənməsi olan şəxslərdə gözlərin bizdən asılı olmadan istəksiz şəkildə assimmetrik və spesifik atımı baş verir. Buna tibbi dildə nistaqm deyilir. Cihazın üstünlüyü odur ki, yüksək həssaslığa malik olan kamerası ilə gözdə olan istənilən patoloji atımı tuta bilir.

– Manevrlər nədən ibarətdir?

– Manevr pozisiya dəyişməsi, başın və bədənin müxtəlif istiqamətlərdə hərəkət etdirilməsidir. Başgicəllənməyə səbəb olan qulaq problemləri çoxdur. Məsələn, BPPV, vestibulyar nevrit, vestibulyar menyer və s. Bunların içində ən çox rastlaşdığımız kristal oynaması deyilən BPPV-dir. Daxili qulaqda müvazinətimizi və düz dayanmağımızı təmin edən müvazinət mərkəzimiz var. Bu mərkəz hər qulaqda 3 kanal olmaqla 6 yarımdairəvi kanal və kisəcikdən ibarətdir. Kisəcikdə bizim müvazinətimizi təmin edən kristallar var ki, onların öz yerindən çıxaraq kanallara düşməsi şiddətli başgicəllənməyə və müvazinəti itirməyimizə səbəb olur. Başgicəllənmə ilə yanaşı, ürəkbulanma və bir çox şikayətlər üzə çıxır. Biz müxtəlif baş və bədən hərəkətləri ilə heç bir dərman istifadə etmədən bu daşları öz yerinə qaytarırıq. Bir həftədən sonra xəstələrin tamamilə sağaldığını görürük.

– Başgicəllənməsi olan xəstə hansı halda həkimə müraciət etməlidir?

– Şiddətli baş dönməsi yaşayırsınızsa, mütləq həkimə müraciət etməlisiniz. Başgicəllənmə əslində çox ciddi simptomdur və insanların çoxu bilmir ki, kimə müraciət etmək lazımdır. Bu, qulaq-burun-boğaz həkimi də, nevroloq da ola bilər. Amma nevroloji etiologiyalı başgicəllənmələr daha nadir hallarda baş verir.

Əslində, hər başgicəllənmə həqiqi gicəllənmə deyil. Sərxoş insan da başının gicəlləndiyini deyir. Bu, həqiqi başgicəllənmə sayılmır və sərxoşluq halı demək daha doğru olar. Həqiqi başgicəllənmə ətrafın başımıza dönməsi və ya özümüzün dönməsi şəklində ifadə edilir. Bu, çox şiddətli haldır və bu hissi həyatında bir dəfə yaşayan insan o anları həmişə yaxşı xatırlayır. Başgicəllənmə sizdə sonuncu dəfə nə zaman olub sualı ilə BPPV xəstəsinə müraciət etsəniz, bu halın detalları barədə ətraflı məlumat verəcək. O, kristal oynamasının necə və hansı şəraitdə baş verdiyini yaxşı xatırlayır. Odur ki, başı gicəllənən insanlar ilk növbədə əlamətlərin həqiqi olub-olmadığını özləri üçün müəyyən etməlidir.

COVID-19 dönəmində isə daha çox funksional – psixogen baş dönməsinə rast gəlinir. Baş dönməsi şikayəti ilə gələn xəstəyə edilən bütün testlərin cavabı normal çıxır. Xəstə baş dönməsi hiss etsə də, funksional olduğundan onu testlərlə təyin edə bilmirik. Bu insanların baş dönməsi psixiatrlarımızla birgə müalicə olunur. Koronavirusun çox ciddi psixoloji təsiri var. Kristal oynamasında stress əsas faktorlar sırasındadır. COVID-19 dönəmində xəstə sayı artıb, fərqli xəstələr görməyə başlamışıq, indiyə qədər belə hallar olmurdu. Koronavirusun təsiri var, lakin bunun hansı dərəcədə olduğunu gələcək araşdırmalar göstərəcək.

– Başgicəllənmə problemi əsasən hansı yaş qrupunda daha çox görünür?

– Əvvəllər deyirdilər ki, uşaqlarda başgicəllənmə çox nadir hallarda baş verir. Daha sonra araşdırmalar nəticəsində məlum oldu ki, uşaqlarda da başgicəllənmə problemi olur. 10 yaş üzəri uşaqlarda başgicəllənmələr qeydə alınır.

35-45 yaşlı xanımlarda daha çox vestibulyar miqren xəstəliyini müşahidə edirik. Kristal oynamasına daha çox 50 yaş üzəri insanlarda rast gəlinsə də, cavanlar da bu xəstəlikdən əziyyət çəkirlər.

Vestibulyar nevrit son 2 həftə və ya 1 ay ərzində yuxarı tənəffüs infeksiyası keçirmiş insanlarda daha çox rast gəlinir və bunun yaş qrupu ilə əlaqəsi yoxdur. Viral infeksiyanın vestibulyar siniri zədələməsi sonrası ortaya çıxır. Əslində, burada xəstəlikdən asılı olaraq yaş qrupları dəyişir.

– Başgicəllənmə yaşayan insanlar həkimə gedənə qədər nələrə diqqət etməlidir?

– Millət olaraq özümüzü hərtərəfli müalicə edə biləcək durumda olduğumuzu düşünürük. Həkimin yanına getməzdən əvvəl kristal oynaması manevrlərini özünə edən, özünün başına yüzlərlə xələl gətirən xəstələr var. Həqiqi başgicəllənmə yaşayan insanlar maksimum dərəcədə həkimə tez müraciət etməlidir. Ən çox qorxduğumuz beyin mənşəli başgicəllənməyə səbəb olan xəstəliklərdir ki, letallıqla nəticələnə bilər. Bu səbəblə belə hallarda özünümüalicə ilə məşğul olmadan peşəkara müraciət etmək məsləhətdir. Xoşxassəli xəstəlik hesab etdiyimiz BPPV-də belə, bu hal yolverilməzdir. Xəstə özünü müalicə etməyə çalışmamalıdır. Bəzən nevroloqlar xəstələrə müəyyən manevrləri etməyi tövsiyə edir. Halbuki olmaz. Bu zaman kristallar başqa bir kanala düşür və müalicə daha da qəlizləşir.

– Qulaqda küy hansı səbəblərdən yaranır?

– Səbəblər müxtəlifdir. Məsələn, menyer xəstəliyində qulaqda eşitmə qabiliyyəti zəifləyir, başgicəllənmə olur, paralel şəkildə qulaqda küy olur. Qulaq küyü boyun osteoxondrozu və ya vertebro-bazilyar yetməzlik kimi müxtəlif xəstəliklərin simptomu kimi də özünü büruzə verir. Bunu araşdırmaq zaman və fərqli yanaşma tələb edir. Hər bir halda qulaq küyü detallı araşdırma istəyir, lakin 60% hallarda altından bir xəstəlik çıxmır.

– İstər koronavirus, istərsə də qrip dövründə qulaqda müəyyən küyün yaranması da xəstələri narahat edən məsələlərdəndir.

– Bu, daha çox burun tutulmaları ilə bağlı məsələdir. Burun orta qulağı normal havalandırma funksiyasını tənzimləyə bilmədiyi üçün orta qulaq problemi yaranır. Ümumiyyətlə, qulaq üç hissədən ibarətdir, pərdəyə qədər gördüyümüz hissə – xarici qulaq, orta qulaq və daxili qulaq. Orta qulaqda havalanma normal olarsa, biz yaxşı eşidirik, tutqunluq hiss etmirik. Burunla bağlı problemlər olduğu zaman eşitməmizdə də problem yarana bilir.

Koronavirusa və ya yuxarı tənəffüs yolu xəstəliklərinə yoluxan şəxsdə 10-14 gündən sonra qulaq və burun tutulması adətən keçir. Əgər bu şikayətlər qalıbsa, həkimə getmək lazımdır.

– Koronavirusu iybilmə qabiliyyətini itirməklə keçirmiş xəstələr haqqında nə deyə bilərsiniz?

– Koronavirus keçirmiş insanlar var ki, 1 ildir iybilmə duyumu bərpa olmur. Bəzi araşdırmaların nəticəsi olaraq məqalələrdə göstərilirdi ki, bu, iybilmə mərkəzinə qansızmalar nəticəsində baş verir. Ancaq zamanla bu nəzəriyyə öz təsdiqini tapmadı. İstənilən halda virus qoxu sinirinə, selikli qişaya təsir edir və burun içi ödem, qoxu siniri problemləri və qoxu mərkəzi ilə bağlı şikayətlər davamlı hala keçə bilir. Amma qoxu mərkəzinin viral infeksiya ilə nə qədər zədələndiyini dəqiq demək bu gün üçün mümkün deyil. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, koronavirusa yoluxan insanlarda iybilmə duyumunun bərpası fərdidir. Çox yüngül keçirənlər var ki, iybilməsi hələ də düzəlməyib. Bəzi insanlar da var ki, bu xəstəliyi çox ağır keçirib, amma iybilməsi pozulmayıb. Bu insanlarda xüsusi dərman preparatları istifadə olunmur. Endoskopik müayinədə burun içində yalnız ödem görəriksə, o zaman ödemazaldıcı spreylər veririk.