SOCAR prezidenti qocaman neftçini “Fəxri neftçi” döş nişanı ilə təltif etdi – FOTO

0
17

Qocaman neftçi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hüseynov Vaqif Qulu oğlu 80 illik yubileyi münasibəti ilə SOCAR-ın “Fəxri neftçi” döş nişanı ilə təltif olunub.

Bu münasibətlə yubilyarı qəbul edib, çoxminli neftçilər ailəsinin təbriklərini ona çatdıran SOCAR prezidenti Rövnəq Abdullayev deyib:

“Hörmətli Vaqif müəllim, Siz Azərbaycan dəniz neft sənayesinin bacarıqlı təşkilatçısı, yüksək ixtisaslı mütəxəssislərindən biri kimi uzun illər Xəzər dənizindəki yataqlardan neftin-qazın çıxarılmasında bilavasitə iştirak etmiş, şərəfli bir yol keçmiş, öz fəaliyyətinizlə hər zaman gənclərə nümunə olmusunuz”.

Qocaman neftçi Vaqif Hüseynov son illərdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında neft, neft-kimya sənayesinin inkişafı istiqamətində görülmüş işlərdən, qazanılmış uğurlardan danışıb, göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, neft-qaz sənayesində çalışan gənclərdən hər zaman hörmət gördüyünü söyləyib. 

V.Hüseynov Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ömrünü neft sənayesi ilə bağlayıb.

Əmək fəaliyyətinə indiki “Balaxanıneft” Neft Mədənlər İdarəsində operator vəzifəsindən başlayıb, sonra həmin idarədə usta, sahə rəisi işləyib. 1969-1679-cu illərdə “Xəzərdənizneft” Birliyində mühəndis, böyük mühəndis, 1979-1988-ci illərdə “Xəzərdənizneftqazsənaye” Ümumittifaq Sənaye Birliyinin birləşmiş dispetçer idarəsinin rəisi, 1988-1991-ci illərdə “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin Mərkəzi Mühəndis Texnoloji Xidmətinin rəisi, 1991-1996-cı illərdə “Neft Daşları” NQÇİ-nin, 1996-2003-cü illərdə “Qum adası” NQÇİ-nin rəisi vəzifələrində çalışıb.

2003-2012-ci illərdə “Neftqazelmitədqiqatlayihə” institutunun direktorunun müavini, daha sonra isə müşaviri işləyib. V.Hüseynov yalnız istehsalatda çalışmaqla kifayətlənməyib, elmi fəaliyyətlə də məşğul olub. O, neft-qaz hasilatının sabitləşdirilməsi, artırılması və yataqların işlənməsi istiqamətində qarşıya çıxan problemlərin həllinə yönəldilmiş 30 elmi məqalənin, dörd ixtiranın və dörd kitabın müəllifi, texnika elmləri namizədidir. Hazırda “Neftçilər klubu” İctimai Birliyinin sədri kimi səmərəli fəaliyyət göstərir.

Vaqif Hüseynovun əməyi daim yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə və “Neft sənayesinin əlaçısı” fəxri adına layiq görülüb, SOCAR-ın Fəxri Fərmanı ilə təltif olunub.