Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir – FOTO

0
277

Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində Tərtər rayonu ərazisində ziyan dəymiş bir respublika əhəmiyyətli, altı yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində beş küçənin yol örtüyünə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılması məqsədilə artıq rayon ərazisindən keçən respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunda aparılan bərpa işləri layihəsinə uyğun olaraq yolun 4.1 kilometrlik hissəsində frezlənmə işləri aparılıb, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri görülüb. Hazırda sözügedən işlərin davamı olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsində aparılan təmir-bərpa işlərinin ardınca respublika əhəmiyyətli digər yolun, Tərtər-Hindarx avtomobil yolunun təmiri işlərinə başlanacaq.

Bundan başqa yerli əhəmiyyətli avtomobil yollarının təmir və bərpası istiqamətində də işlər aparılıb. Belə ki, yerli əhəmiyyətli Kovdadıq-Rəcəbli, Seydimli və Düyərli yolları təmir edilib. Növbəti mərhələdə yerli əhəmiyyətli Buruc-Gülabatlı, Qaraqoyunlu-Küçərli və Bəyim-Sarov avtomobil yollarının təmiri həyata keçiriləcək.

Ardıcıl olaraq Tərtər rayonunun intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində zərər görmüş şəhərdaxili Şah İsmayıl Xətai, Elman Səfərov, Şıxəli Qurbanov, Mübariz İbrahimov və Famil Qulami küçələrində də təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.