Deputatlardan şəhidlər və veteranlarla bağlı çağırış

0
426

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Veteranlar haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə komitə sədrinin müavini Məlahət İbrahimqızı məlumat verib. Dəyişikliyə əsasən qanunun 3-cü maddəsinə (Müharibə veteranları) yeni bənd əlavə olunur. Yeni bəndə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bildirilib ki, müharibə veteranlarının reyestrinin hazırlanmasında əsas məqsəd hazırki tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir. Reyestrin təşkili gələcəkdə status verilmiş şəxslərin sayının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, şəxslərin (ailə üzvlərinin) statusları haqqında kağız daşıyıcılarda olan müvafiq vəsiqələrdən imtina edilməsi, onların dövlət orqanlarına müraciətləri zamanı statuslarının onlayn rejimdə müəyyən edilməsi, habelə sosial təminat hüquqlarına proaktiv qaydada baxılması imkanları yaradacaqdır. Layihə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda müharibə veteranlarının reyestrinin yaradılması ilə bağlı yeni müddəanın təsbit edilməsini nəzərdə tutur.

Bundan əlavə, parlament “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini də ilk oxunuşda müzakirə edib.

 Deputatlar Tahir Kərimli, Aydın Hüseynov, Sahib Alıyev, Nigar Arpadarai, Əli Məsimli, Fəzail Ağamalı çıxış edərək şəhidlərin adlarının əbədiləşdirilməsi və 90-cı illərdə döyüşmüş şəxslərə şəhid və veteran statusunun verilməsilə bağlı təkliflərini irəli sürüblər. Deputat Elnur Allahverdiyev müharibə veteranlarına verilən təqaüdlərin artırılmasını zəruri sayıb. Deputat Aqil Abbas da 90-cı illərdə könüllü olaraq döyüşmüş şəxslərin müharibə veteranı statusunu ala bilmədiyini qeyd edib. Millət vəkilləri şəhid ailələrindən adların əbədiləşdirilməsilə bağlı çoxsaylı müraciətlər aldıqlarını da deyiblər. Bildiriblər ki, bu məsələnin müsbət həlli üçün qanunvericiliyə yenidən baxılması zərurəti yaranıb.  

Hər iki qanun layihəsi səsə qoyularaq qəbul olunub.